1 İyul 2022 20:36
1 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra Türkiyəyə F-16 satmağa hazır olduğunu və Konqresin bunun təsdiqi üçün Vaşinqtona çatan kimi çalışacağını bildirib.

Teleqraf.com xəbər verir ki, Bayden F-16-ların Türkiyəyə satılmasının vacib olduğunu söyləyib.

“Bunu etməmək maraqlarımıza ziddir. Biz onlara F-16-ları satmalıyıq. Düşünürəm ki, bununla bağlı Konqresdən icazə ala bilərik”, - Amerika lideri deyib.

ABŞ-dakı yunan lobbisinin tanınmış simalarından olan Nümayəndələr Palatasının üzvləri Qus Bilirakis və Nikol Malliotakis Baydenin sözlərinə bəyanatla cavab veriblər.

“Keçən ay Vaşinqtona gələn Yunanıstan Baş naziri Mitsotakisin Türkiyənin hücumlarından birbaşa narahat olduğunu dilə gətirməsindən sonra Prezident Baydenin Türkiyəyə F-16 döyüş təyyarələri və modernləşdirmə dəstlərinin satışını dəstəklədiyini eşitmək şokedici oldu”, - bəyanatda bildirilib.

Bəyanatda senatorlar belə bir satışın əleyhinə olduqlarını və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində buna etirazlarını bildirəcəklərini deyiblər.


Müəllif: Mənsur Rəğbətoğlu