Talibanın şiə xazara kökənli ilk komandiri Mövlavi Mehdi Mücahid Əfqanıstandan İrana keçmək istəyərkən öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Məlumata görə, iyun ayında Taliban hökumətinə qarşı silahlı mübarizəyə başlayan Mövlavi Mehdi Mücahid İrana keçmək istəyərkən Heratda sərhəd qüvvələri tərəfindən hədəfə alınaraq öldürülüb.
Mövlavi Mehdinin rəhbərlik etdiyi silahlı qruplaşma ilə bağlı hələlik açıqlama verilməyib.
Mövlavi Mehdi Mücahid Taliban tərəfindən hakimiyyətin ələ keçirilməsindən sonra taliblərin tamamilə şiə xazaralardan olan Bamyan vilayətinə kəşfiyyat rəhbəri təyin edilmiş və bu ölkənin yeganə xazara əsilli komandiri olmuşdu. Bir müddət sonra fikir ayrılıqlarına görə Taliban tərəfindən vəzifəsindən uzaqlaşdırılan Mövlavi Mehdi doğulduğu Sər-e-Pol vilayətinin Bəlhab rayonuna qayıdaraq, burada yüzlərlə tərəfdarı ilə Talibana qarşı silahlı mübarizəyə başlamışdı.
Taliban iyun ayında Bəlhabda həyata keçirdiyi əməliyyatlarla rayonun sözügedən silahlı qruplaşmadan təmizləndiyini açıqlamışdı.
Xazaralar Əfqanıstan əhalisinin təxminən 10 faizini təşkil edir.