ABŞ dövlət katibi Entoni Blinkenin bir neçə gün əvvəl Afrika ölkələrinə səfəri Qərb mətbuatının diqqət mərkəzindədir. Blinkendən əvvəl Afrika ölkələrinə Rusiya xarici işlər naziri Sergey Lavrov və Fransa Prezidenti Emmanuel Makron səfər etmişdi. Afrikada daha iki oyunçu var – Çin və Türkiyə.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilib.
Məqalədə qeyd edilib ki, Vaşinqtonun məqsədi Rusiya və Çinin Afrika qitəsinə artan təsirinin qarşısını almaqdır:
“Fransa və Türkiyə də qitədə fəaldır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan il ərzində Afrika ölkələrinə gedərək ikili əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib. Türkiyə şirkətlərinin Afrika ölkələrinə yatırımları artıb. Ərdoğanın hakimiyyəti dövründə Türkiyənin Afrika ölkələrində açdığı səfirliklərinin sayı da çoxalıb. Vaşinqtonu Fransa və Türkiyənin Afrikada fəallığı narahat etmir. Vaşinqton üçün əsas təhlükə Rusiya və Çinin Afrikadakı fəallıqlarıyla bağlıdır.
Vaşinqtonun məqsədinə çatacağı çətindir. Çünki Rusiya və Çin Afrika ölkələrində həm yatırımlarını, həm də ortaq şirkətlərin sayını artırıb. Moskva və Pekinin Afrika ölkələrinin siyasi sistemi, demokratiya və insan hüquqları pozuntuları narahat etmir. Vaşinqton üçün isə bu qırmızı xətdir. Bu qırmızı xəttin varlığı ABŞ-ın Afrikanın bir çox ölkəsinə yatırım qoymasını əngəlləyir. Bu isə boşluq yaradır ki, Moskva və Pekin bundan istifadə edir.
Çinin dövlət və özəl şirkətləri Afrika ölkələrinə milyardlarla dollar yatırım qoyublar, yeraltı sərvətlərin çıxarılması və satışı ilə məşğuldurlar. Çin şirkətləri uzunmüddətli müqavilələrə üstünlük verirlər. Bu, Afrika ölkələrinin də maraqlarına cavab verir”.
Mərkəzin ekspertlərinin fikrincə, Pekinin Afrika ölkələri ilə əməkdaşlığını genişləndirməsində siyasi hədəfləri də var:
“Çinin yatırımlarına ehtiyacı olan çoxsaylı Afrika ölkəsi BMT-dəki səsvermələrdə Pekinin əleyhinə olan qətnamələrə və sənədlərə səs vermirlər. Bu amil də Vaşinqtonu ciddi narahat edir.
Vaşinqtonun Afrika ölkələri içərisində əsas tərəfdaşı Cənubi Afrika Respublikası (CAR) sayılır. CAR-da liberal institutlar, azad rəqabətə istinad edən bazar iqtisadiyyatı mövcuddur. Ancaq hətta CAR belə ABŞ-la yanaşı, Rusiya və Çinlə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Təsadüfi deyil ki, CAR Rusiya və Çinlə birgə BRİKS təşkilatının üzvüdür. Buna görədir ki, CAR Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə etiraz etməyib, neytral mövqedə dayanır”.