14 Sentyabr 2022 20:38
5 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ötən həftənin sonunda Fransa, Almaniya və İngiltərənin Tehranın davam edən nüvə danışıqları çərçivəsində davranışını tənqid edən birgə bəyanatından narazılığını bildirib.

Teleqraf. com xəbər verir ki, Tehran bəyanatdakı “İran bu kritik diplomatik fürsətdən istifadə etməməyi seçib” ifadəsindən hiddətlənib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bəyanatın “konstruktiv olmadığını” deyib və bunu imzalayan üç ölkəni “qalan bir neçə fikir ayrılığının həlli yollarının tapılmasında daha fəal olmağa” çağırıb.

Kənani Avropa ölkələrini nüvə danışıqlarının dayandırılmasını istəyən İsrailin istəyinə uyğun addımlar atmaqda ittiham edib.

Rusiyanın İranla nüvə danışıqları üzrə nümayəndəsi Dimitri Ulyanov da birgə bəyanatın mətnini tənqid edərək, bunun “çox tələsik” olduğunu iddia edib.

ABŞ da son gəlişmələrə reaksiya verib. Dövlət katibi Entoni Blinken deyib ki, son həftələrdə tərəflər arasındakı “uçurum” aradan qaldırılsa da, İranın davranışı və razılaşmadan kənar tələbləri danışıqlarda geriləmə yaradır. Buna baxmayaraq, o əlavə edib ki, razılığa gəlinsə, bu, yalnız ABŞ-ın milli təhlükəsizlik maraqları çərçivəsində olacaq.

Bu arada, ABŞ Xəzinədarlığı Tehrana qarşı yeni sanksiyaların, o cümlədən İranın Kəşfiyyat Nazirliyinə (ETTELAAT) qarşı müxtəlif sanksiyaların tətbiq edildiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər