Fransa parlamentində qaçqınların problemlərinin müzakirə olunduğu sessiyada birdən-birə gərginlik artıb.
Teleqraf.com xəbər verir ki, Fransa parlamentinin qaradərili deputatı Karlos Martens Bilonqo bir neçə gün əvvəl xilas edilən və günlərlə Aralıq dənizində köməksiz durumda qalan 234 miqrant üçün liman tapmaqda kömək istəyib.
Bilanqo çıxışına davam edərkən, radikal sağçı Xalq Cəbhəsi partiyasının deputatı Qrequar de Furnas ona “Afrikaya qayıdın” deyərək, həmkarını təhqir edib.
Digər deputatlar Furnasa təpki verdikdən sonra gərginlik artıb. Parlament sədri sədri Yael Braun Pivet iclası dayandırıb.
Bilonqo iclasdan sonra verdiyi açıqlamada Furnasın sözlərinin utancverici olduğunu bildirib:
“Bu gün bəzi insanlar bir daha mənim dəri rəngimi müzakirələrin mərkəzinə qoydular. Mən Fransada anadan olmuşam və fransalı parlamentariyəm. Bu gün parlamentdə belə təhqir olunacağımı düşünmürdüm”.
Sosial şəbəkə hesabından açıqlama verən Furnas sözlərinin Bilonqo üçün deyil, dəniz yolu ilə Avropaya çatmağa çalışan miqrantlar üçün nəzərdə tutulduğunu iddia edib.