13 Yanvar 2023 12:43
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyadan çıxıb onu təhqir edənlərin ölkədəki mülkləri müsadirə olunmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

Onun fikrincə, son vaxtlar xaricə gedən Rusiya vətəndaşları öz rahat həyatları naminə ölkələrini, onun sakinlərini, əsgər və zabitlərini ləkələməyi, eləcə də yaramazlara, nasistlərə və qatillərə açıq dəstək verməyi mümkün hesab ediblər. Deputat əmindir ki, bu cür davranışlar ekstremizmə çağırışlar, nasizmin reabilitasiyası və ya ordunun gözdən salınması kimi qiymətləndirilə bilər.

“Təcrübə göstərir ki, mövcud cavab tədbirləri kifayət deyil. Gedən əclaflar ölkəmizin sayəsində rahat yaşayırlar. Xaricdə olarkən daşınmaz əmlakı icarəyə verirlər, Rusiya vətəndaşlarının hesabına qonorar almağa davam edirlər”, - Volodin söyləyib.

Spiker hesab edir ki, Rusiya Cinayət Məcəlləsində bu cür əməllərə görə əmlakın müsadirə edilməsinin nəzərdə tutulması lazımdır. Onun fikrincə, bu, ölkəni tərk edən rusların vurduğu ziyanı bərpa etməyə kömək edəcək.

“Amma bu, təbii ki, onların vicdanlarını özlərinə qaytarmayacaq”, - Volodin yekunlaşdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu