27 Yanvar 2023 16:20
1 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Tayvan adası ətrafında hərbi təyyarələrinin uçuşlarının və hərbi gəmilərinin sayını artırması Vaşinqtonda narahatlıq yaradıb. Yanvar aynın ortalarında Tayvan ətrafında Çinin 5 hərbi gəmisi qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertləri qeyd edirlər ki, Pekin Tayvana təzyiqi getdikcə artırır, bunun nəticəsində adanın perimetri boyu yeni zenit-raket qurğuları yerləşdirib:

“Bundan başqa Tayvanın hərbi təyyarələrinin uçuşları da artıb.

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin fikrincə, müharibə ehtimalı yüksəkdir. Alyansın keçmiş rəhbəri Çinin hücumunun qarşısını almaq üçün Tayvana hərbi yardımın artırılması gərəkliyini bildirib.

Aydındır ki, Tayvana hərbi yardımı edəcək əsas və bəlkə də tək ölkə ABŞ olacaq. Bir çox ölkə Tayvana görə Çinlə müharibəyə qoşulmayacaq. Avropadan həmişəki kimi yerinə yetirilməyən açıqlamalar səsləndiriləcək. Avropa ölkələrinin bir qrupu necə ki, işğala məruz qalan Ukraynaya hərbi yardımı ləngidir, eləcə də Tayvana sözdə dəstək vədi verəcəklər. Məsələn, Rusiya Ukraynaya qarşı müharibəyə başladığı gündən Almaniya Kiyevə “Leopard” tanklarının təhvil veriləcəyini söz verib. Həmin tanklar hələ də Ukraynaya verilməyib. Kiyev Berlinin vədi yerinə yetirməsini istəyir. Çünki hərbi yardımın gecikdirilməsi Ukraynanın Rusiyaya qarşı müqavimət gücünü azaldır”.

Təhlildə bildirilir ki, ABŞ bu dəfə hadisələri qabaqlamağa çalışır:

“Fransanın “Boulevard Voltaire” dərgisində yayımlanan məqalədə Vaşinqtonun Avropa ölkələri ilə birgə Çinə qarşı ittifaq yaratmağa çalışdığı yazılıb. Yəni Çin Tayvana qarşı müharibəyə başlayarsa, Pekinə qarşı ittifaq hərəkətə keçməlidir. Bu ittifaqda Avropa ilə yanaşı, bölgə ölkələri Avstraliya, Yaponiya və Hindistan da yer almalıdır. Bütün hallarda bölgədə müharibə başlayarsa, əsas yük ABŞ-ın üzərində olacaq.

Bu arada, Vaşinqton Yaponiyaya silahlanmağa və hərbi büdcəsini artırmağa razılıq verib. ABŞ-la Yaponiya arasında hərbi təlimlərin sayı artacaq. Vaşinqton Çini hərbi ritorikadan çəkindirmək üçün Pekinlə dialoqu genişləndirməyi də planlaşdırır. ABŞ dövlət katibi Entoni Blinkenin fevral ayında Pekinə səfəri planlaşdırılıb. Blinken Pekini Tayvana qarşı hərbi gücdən istifadədən çəkindirməyə çalışacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu