Almaniya hökuməti İranın Berlindəki səfirliyinin 2 əməkdaşını arzuolunmaz şəxs elan edib.
Teleqraf.com xəbər verir ki, buna qədər Tehranda almanəsilli Cəmşid Şarmehd edam cəzasına məhkum edilib.
Almaniya xarici işlər naziri Annalena Baerbok buna cavab olaraq Almaniya hökumətinin Berlindəki İran səfirliyinin 2 üzvünü arzuolunmaz şəxs elan edərək ölkəni tərk etmələri üçün qısa müddət verib.
Baerbok İran səfirliyinin müvəqqəti işlər vəkilinin Şarməhdə edam hökmündən sonra nazirliyə çağırıldığını bildirib və deyib:
“Ona deyilib ki, biz Almaniya vətəndaşının hüquqlarının kobud şəkildə pozulmasını qəbul etmirik. Nəticədə Almaniya hökuməti İran səfirliyinin 2 əməkdaşını arzuolunmaz şəxs elan edib və onlara Almaniyanı tərk etmək üçün qısa müddət verib. Biz İranı Cəmşid Şarmahdin ölüm hökmünü ləğv etməyə və ona qanunun aliliyinə uyğun olaraq ədalətli apellyasiya prosesini təmin etməyə çağırırıq”.
Qeyd edək ki, İran ABŞ-a bağlı olma, ölkədəki rejimə qarşı çıxma, terror aktlarının təşkili kimi əsaslarla Cəmşid Şarmahdı edam cəzasına məhkum edib.