Fransa Prezidenti Emmanuel Makronla Avropa İttifaqının Komissiyasının rəhbəri Ursula fon der Leyenin Çinə birgə səfəri başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Bu səfərin və aparılan danışıqların nəticələri barədə nə demək mümkündür?
Mərkəzin ekspertləri deyirlər ki, gözlənildiyi kimi, Pekində əsas mövzu Ukrayna olub:
“Avropa İttifaqı Çinin Rusiyaya dəstəyindən narahatdır. Daha böyük narahatlıq Çinin İran kimi Rusiyaya silah və hərbi texnika göndərməsi ehtimalı ilə bağlıdır. Bundan əvvəl Avropadan Almaniya Kansleri Olaf Şolz, İspaniya Baş naziri Pedro Sanşez və Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə komissarı Jozef Borrell də Pekində olub.
Pekinin Ukrayna məsələsində mövqeyi dəyişməyib və bu səfərlərin böyük nəticəsi yoxdur. Çin lideri Si Cinpin Makronla danışıqlardan sonra birgə bəyannamə qəbul ediblər. Ortaq fikir sadəcə bundan ibarət olub ki, tərəflər Ukrayna məsələsi ilə bağlı danışıqlara başlamalı və problem sülh yolu ilə həll olunmalıdır. Buna baxmayaraq, Çin lideri bu dəfə də Rusiyanı qınamaqdan imtina edib. Halbuki birgə mətbuat konfransında Fransa prezidenti Çin liderinə müraciət edərək, Rusiyanı işğala son qoymağa çağırıb.
Makron bildirib ki, Avropa Ukrayna torpaqlarının işğalı ilə barışmayacaq və Rusiya heç bir halda Belarusda nüvə silahı yerləşdirməməlidir. Cinpin Makronun bu çağırışını dəstəkləməyib. Cinpinin yeganə güzəşti o olub ki, Ukrayna Prezidenti Vladimir Zelenskiyə telefon zəngi edəcəyi vədini verib. Ancaq Cinpin bunun nə zaman baş verəcəyini dəqiqləşdirməyib.
Çin lideri həmişəki kimi hesab edir ki, müharibənin başlanmasında NATO günahkardır. Cinpinin fikrincə, NATO Rusiyanın Ukraynadakı təhlükəsizlik maraqlarını nəzərə almalıydı”.
Təhlildə qeyd olunur ki, Makron və Leyenin Pekinə səfəri nəticəsiz qalıb:
“Bu, əvvəldən bəlliydi. Belə olan halda Makron və Leyen hansı səbəbdən Pekinə səfər ediblər? Görünür, Avropa təmsilçilərinin bu səfərləri Pekinə xəbərdarlıq xarakteri daşıyır ki, Rusiyaya hərbi texnika və silah versə, Avropa İttifaqı Çinə qarşı sanksiyalar tətbiq edəcək.
Brüssel Pekinin Kremldən Ukrayna məsələsinə görə məsafə saxlamasını istəyir. Çinin Avropa İttifaqı dövlətləri ilə sıx iqtisadi əlaqələri var. İyunda Avropa İttifaqı-Çin sammiti planlaşdırılır. Vaşinqtondan fərqli olaraq, Brüssel Çinlə iqtisadi əlaqələri zəiflətmək istəmir. Ancaq Pekin Rusiyaya silah və hərbi texnika verərsə, Brüssel Pekinlə iqtisadi əlaqələri zəiflətmək məcburiyyətində qalacaq və Çin böyük Avropa bazarını itirəcək”.