ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri Rusiyanın Belqorod vilayətində yeni sərhəd pozuntusuna Rusiya hakimiyyətinin reaksiyasını təhlil ediblər.
Teleqraf.com xəbər verir ki, ekspertlər ruslar arasında Ukraynadakı müharibə ilə bağlı narahatlığın artdığını deyirlər.
Məlumata görə, iyunun 1-də “Rusiya Könüllüləri” Korpusu və “Azad Rusiya” Legionunun bölmələri Belqorodda növbəti əməliyyat keçiriblər. Silahlılar rus ordusunun Şebekino şəhəri yaxınlığındakı mövqelərinə zərbələr endiriblər.
“Rusiya Könüllüləri” Korpusu əməliyyatın ikinci mərhələsinin başladığını açıqlayıb. Bundan sonra korpusun personalının Şebekino yaxınlığında döyüşdə iştirakını əks etdirən kadrlar yayımlanıb. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Şebekino və Tavolyanka ərazilərində əraziləri işğal etməyə çalışan tanklarla gücləndirilmiş iki motoatıcı bölmənin qarşısını alıblar.
Rus mənbələrinin məlumatlarına görə, Şebekino və Tavolyankada əməliyyat keçirən bölmələrin tankları və digər zirehli döyüş maşınları var.
Rəsmilər və media qurumlarının baş verənlərə təpkisi Rusiyanın informasiya məkanında artan narahatlığı göstərir. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Prezident Vladimir Putin Belqoroddakı durumla bağlı mütəmadi məlumat alır. Putin Şebekino şəhərinin rəhbəri Vladimir Qladkovu “Şücaət” ordeni ilə təltif edib.
Vəziyyətin gərginləşdiyini nəzərə alan Belqorod rəhbərliyi 1200 sakini digər vilayətlərə köçürüb.