3 İyun 2023 14:29
3 646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kosovodakı son hadisələrdən sonra NATO Birgə Qüvvələr Komandanlığının tələbi ilə Türkiyədən bir komando batalyonunun bölgəyə göndərilməsi üçün hazırlığa başlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada Türkiyənin BMT, NATO, Avropa Birliyi və ATƏT missiyaları və ikitərəfli əlaqələr çərçivəsində regional və qlobal sülh və sabitliyə töhfə verməyə davam etdiyi bildirilib.

Bu çərçivədə Türkiyə ilə ortaq tarixi və mədəni dəyərlərin olduğu Balkan bölgəsində baş verən hadisələrin də yaxından izləndiyi vurğulanıb:

“Türkiyə konstruktiv mövqe nümayiş etdirir və dost və qardaş Kosovonun şimal bölgəsində regional təhlükəsizliyə və sabitliyə xələl gətirən son hadisələrin dialoq yolu ilə həlli üçün tərəfləri təmkinli olmağa çağırır.

Kosovoda baş verən hadisələrdən sonra NATO Birgə Qüvvələr Komandanlığının müraciəti əsasında əvvəllər NATO Kosovo Qüvvələrinə daxil olan 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığımıza bağlı komando batalyonu ehtiyat birlik olaraq təyin edilib. Təyin olunmuş bölməmizin 4-5 iyun 2023-cü il tarixinədək Kosovodakı Sultan Murad Kazarmasına göndərilməsi üçün lazımi hazırlığa başlanılıb”.


Müəllif: Mənsur Rəğbətoğlu