“Vaqner” qrupunun lideri Yevgeni Priqojinin qətlini Rusiya Təhlükəsizlik Şurasının direktoru Nikolay Patruşev təşkil edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
ABŞ nəşrinin iddiasına görə, Patruşev Rusiya Prezidenti Vladimir Putinə xəbərdarlıq edib ki, Priqojinin müharibənin gedişatındakı fəaliyyətləri sonuncu və Kreml üçün təhlükə yaradır. Məlumatda deyilir ki, Priqojin qiyama başlayanda Patruşev bunu “Vaqner” rəhbərindən əbədi qurtulmaq üçün fürsət kimi görüb.
WSJ yazır ki, Patruşev hələ 2022-ci ilin yayında Priqojin təhlükəsi barədə Putini xəbərdar etməyə başlayıb, amma “vaqnerçilər” döyüş meydanında uğurlara imza atdıqları üçün Rusiya lideri bunu ciddiyə almayıb. Durum 2022-ci ilin oktyabrında dəyişməyə başlayıb.
İddiaya görə, o vaxt Priqojin Putinə zəng edib və ağır itkilərə səbəb olan sursat çatışmazlığından kobud şəkildə şikayət edib. WSJ-nin Rusiyadakı mənbəsi deyir ki, Patruşev həmin vaxt Putinin ofisində olub. Təhlükəsizlik Şurasının rəhbəri hesab edirdi ki, Priqojin təhlükəli hala gəlib, Kremlə sayğısını itirib.
WSJ qeyd edir ki, Putin Priqojinin tədarüklə bağlı sonrakı şikayətlərini, o cümlədən Rusiya hərbi rəhbərliyi ilə çəkişmələrini ciddiyə almayıb, amma “Vaqner” liderinin zənglərinə də cavab verməyib. Bu ilin iyununda Priqojin qiyama başlayanda Patruşev prosesə nəzarəti ələ keçirib.
ABŞ nəşrinin məlumatına görə, Təhlükəsizlik Şurasının rəhbəri Priqojinlə isti əlaqələri olan zabitlərə zəng edərək onlardan “Vaqner” rəhbərini qiyamı dayandırmağa razı salmağı xahiş edib. Patruşev həm də qonşu ölkələrdə münaqişənin həlli üçün vasitəçilər axtarıb. Belarus lideri Aleksandr Lukaşenkodan əlavə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə də üz tutub.
Nəşr iddia edir ki, qiyam bitdikdən sonra Patruşev qətl planı hazırlamağa başlayıb: “Plan Putinə sonradan göstərilib və o, buna etiraz etməyib”.
Avqustun 23-də “Vaqner” rəhbəri Şeremetevo hava limanında təyyarəsinin yoxlanılaraq yola salınmasını gözləyib. WSJ-nin kəşfiyyat məlumatına görə, məhz bu vaxt təyyarənin qanadının altına kiçik bir bomba qoyulub. Havaya qalxdıqdan yarım saat sonra bomba təxminən 8500 metr yüksəklikdə partlayıb. Təyyarədə olan Priqojin və digərlərinin hamısı həyatını itirib.