Belarus Prezidenti Aleksandr Lukaşenko türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə təbrik edib, onunla tezliklə görüşə ümid etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
“Tezliklə Minsk və Ankara arasında münasibətlərdə yeni səhifə açacaq görüşə ümid edirəm”, - Lukaşenko deyib.
Belarus prezidenti qeyd edib ki, Ərdoğanı qətiyyətli və müdrik siyasətçi, vətəninin maraqlarına tam sadiq bir şəxs kimi tanıyır:
“Siz dövlət sahəsində mühüm nailiyyətlər əldə etmisiniz, müxtəlif sahələrdə özünüzü təsdiqləmisiniz. Yüksək peşəkar fəaliyyətiniz, xarizma və praqmatizminiz əsl hörmətə layiqdir”.
Lukaşenko əmin olduğunu bildirib ki, Ərdoğanın hələ də Türkiyənin gələcəyi üçün həyata keçirilməli olan çoxlu ideya və planları var. O, dost türk xalqının rifahı naminə sağlamlıq, nikbinlik, uğurlar və parlaq ideyalar arzulayıb.