Böyük Britaniya krallıqdan deportasiya edilən qeyri-qanuni miqrantları qəbul edə biləcək dörd ölkə ilə danışıqlara başlayıb.
Teleqraf.com xəbər verir ki, “The Times” Britaniya Xarici İşlər Nazirliyinə istinadla həmin ölkələrin Ermənistan, Botsvana, Fildişi Sahili və Kosta-Rika olduğunu yazır.
Nəşr bildirir ki, London məhz bu dörd ölkə ilə Britaniya və Ruanda arasında əvvəllər əldə edilmiş razılaşmanın analoqunu bağlamağı gözləyir. Braziliya, Kolumbiya, Paraqvay, Peru və Ekvadorla mümkün əməkdaşlıq məsələsi də qaldırılıb, amma krallığın Xarici İşlər Nazirliyi hesab edir ki, həmin ölkələrin hakimiyyətləri bunda xüsusi maraqlı olmayacaq. Britaniya tərəfinin dialoqa başlaya biləcəyi Anqola, Kabo-Verde, Tanzaniya, Toqo, Seneqal və Syerra-Leonenin daxil olduğu Afrika dövlətlərinin ehtiyat siyahısı var. Qambiya, Mərakeş, Namibiya və Tunis məsələni müzakirə etməkdən imtina edib.
Britaniya bir il yarımdır krallıqdan qovulmuş qeyri-qanuni miqrantları qəbul etməyə hazır ölkələr axtarır. Baş nazir Rişi Sunak keçən ilin payızında müvafiq razılaşmaların bağlanacağına ümid edib, amma London Ruandaya hələ də qeyri-qanuni miqrant göndərə bilmədiyi üçün danışıqlar dalana dirənib.
Nəşr vurğulayır ki, London İrəvanla texniki danışıqlara ötən ilin sentyabrında krallığın xarici işlər nazirinin müavini Leo Doçertinin Ermənistana səfəri zamanı başlayıb. Bildirilir ki, Britaniya parlamenti yeni qanunun lehinə səs verdikdən sonra Ermənistan Ruanda ətrafında baş verən hadisələri izləyir.