Fələstinin HƏMAS Hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin həftəsonu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.
Teleqraf.com xəbər verir ki, İsrail-HƏMAS qarşıdurması davam edərkən, İran və İsrail arasında artan gərginlik və müharibənin bölgəyə sıçrama ehtimalı bu səfəri kritik edən amillərdəndir.
Qəzza ilə bağlı atəşkəs axtarışları da uğursuzluğa düçar olub. Vasitəçilik etməyə çalışan Qətər də bu məsələdə rolunu dəyişməyi düşündüyünü açıqlayıb.
Haniyənin bu fonda Ankaraya səfərini şərh edən türkiyəli analitik Murat Aslanın sözlərinə görə, səfər Qəzzada atəşkəsin şərtlərini formalaşdıra bilər:
“Tərəflər güvəndikləri vasitəçilərlə masa arxasında oturmaq istəyirlər. İsrail bu prosesi ABŞ ilə həyata keçirməyə çalışır, amma HƏMAS-ın tərəfində heç bir aktor yoxdur. Bu səbəbdən mümkün atəşkəs üçün minimum ortaq zəminin nədən ibarət olduğunu müəyyənləşdirmək və qiymətləndirmək üçün görüşü, bəlkə də birbaşa İsraillə yox, ABŞ vasitəsilə HƏMAS-ı atəşkəsə təşviq etmək kimi qəbul etmək lazımdır.
Türkiyə Haniyənin səfəri ilə məqbul atəşkəs və şərtlər formalaşdıra bilər. Həftəsonu baş tutacaq bu səfər Fələstin xalqına dəstək məqsədi daşıyır və bölgədə daimi status-kvonun yaradılması və ilkin şərt olaraq niyyət bəyannaməsi üçün təməllərin qoyulması baxımından önəmlidir”.