22 Aprel 11:26
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna silahlı qüvvələri ABŞ-nin yardımının tez gəlməsi şərti ilə Rusiya ordusunun hücumunu dayandıra biləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.

ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Mark Uorner ATACMS da daxil olmaqla silahların bu həftənin sonuna qədər Ukraynaya çatdırıla biləcəyini açıqlayıb. Bu, Senatın aprelin 23-də əlavə ayırmalar haqqında qanun layihəsini qəbul etməsi və Prezident Co Baydenin isə aprelin 24-dək imzalaması şərtilə baş verəcək.

Prezident Vladimir Zelenski də deyib ki, silahların sürətli çatdırılması Ukraynaya cəbhə xəttini sabitləşdirməyə və təşəbbüsü ələ keçirməyə kömək edəcək.

ISW-nin proqnozu budur ki, ABŞ-nin yardımı ləngisə, Ukrayna ordusu qarşıdakı həftələrdə əlavə uğursuzluqlarla üzləşə bilər. Amma yardım tez göndərilsə, Rusiyanın hazırkı hücumunu dayandırmaq mümkün olacaq.

ABŞ institutunun fikrincə, ruslar Ukraynanın maddi-texniki məhdudiyyətlərinin yaratdığı fürsət pəncərəsindən yararlanmaq üçün qarşıdakı həftələrdə davam edən hücum əməliyyatları, raket zərbələri və PUA hücumlarını intensivləşdirəcəklər.

NATO baş katibi Yens Stoltenberq də, Ukraynaya hərbi yardımın gecikməsinin döyüş meydanında özünü göstərdiyini etiraf edib.


Müəllif: Mənsur Rəğbətoğlu