16 İyun 19:41
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrədə keçirilən Ukrayna Sülh Forumu Rusiyanı dayandırmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert xatırladıb ki, forumun yekun bəyanatını iştirakçı 90 ölkədən 81-i imzalayıb:

“İmzalamayanlar arasında Səudiyyə Ərəbistanı, Hindistan, Meksika, Cənubi Afrika Respublikası və Braziliya da var. Bu o ölkələrdir ki, Rusiya ilə də tərəfdaşlıq münasibətləri mövcuddur. Maraqlıdır ki, Rusiya ilə tərəfdaşlıq münasibətləri olan Türkiyə, Serbiya və Macarıstan yekun bəyanata imza atıb.

Bəyanatda Ukraynanın ərazi bütövlüyü dəstəklənib, Rusiyanın dağıdıcı müharibəni davam etdirməsi pislənilib. Sənəddə Zaporoje atom elektrik stansiyası və dəniz limanlarının Ukraynaya geri qaytarılması tələb olunub. Buna baxmayaraq, sammit iştirakçılarının çoxunun dəstəyini qazanmaq üçün sənəddə “Rusiya təcavüzü” əvəzinə “müharibə” ifadəsindən istifadə edilib. Yekun bəyanatda bütün əsirlərin dəyişdirilməsi vacibliyi vurğulanıb. Söhbət həm də Ukraynadan zorla Rusiyaya aparılan uşaqlardan gedir.

Bəllidir ki, Kreml Sülh Forumunun yekun bəyanatı ilə hesablaşmayacaq. Çinin Sülh Forumunda iştirak etməməsi Kiyevi məyus edib. Əksinə, Ukrayna Prezidenti Vladimir Zelenski Pekini başqa ölkələrin sammitdə iştirak etməsinə mane olduğunu söyləmişdi. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ittihamı rədd edərək demişdi ki, Pekin əvvəldən görüşə böyük əhəmiyyət verməyib”.

Elxan Şahinoğlu qeyd edib ki. Kiyev İsveçrədəki Sülh Forumunu Rusiyaya təzyiq kimi dəyərləndirib: “Sammit Kremlin mövqeyinə təsir etməsə də, Rusiya üçün müharibəni davam etdirmək getdikcə çətinləşir, sanksiyalar sərtləşdikcə iqtisadi problemlər artır”.


Müəllif: Mənsur Rəğbətoğlu