25 İyun 16:46
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Müslüm Şahmarov ittiham aktını elan edib.

Dövlət ittihamçısının səsləndirdiyi ittihamdan məlum olub ki, hadisə Səbail rayonu ərazisində baş verib. “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı şou mərasimindən əvvəl “Dəniz Mall”ın konfrans zalından kənar yerdə təqsirləndirilən şəxslər idmançı Həsən Əzizovla mübahisə ediblər.

Daha sonra dstə üzvləri Həsən Əzizovun onların yanına gəlməsinə nail olublar. Bu zaman onun üz və baş nahiyələrinə vurublar.

Daha sonra isə dəstə üzvləri Həsən Əzizova alçaldıcı hərəkətlər etməyə cəhd ediblər. Sonra isə ona hədə-qorxu gəliblər. Həsən Əzizovun şikayətindən sonra Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayev cinayət məsuliyyətinə cəlb olunublar.

Təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.

Məhkəmədə ittihama münasibət bildirən təqsirləndirilən şəxslərin hər biri onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Məhkəmədə sərbəst ifadə verən Ruslan Əfəndiyev bildirib ki, ötən ilin noyabrın 2-də Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı tədbir keçirilib: “Biz həmin gün idmançılarla birlikdə “Dəniz Mall”ə yollandıq. Yolda mənə zəng gəldi. Bildirildi ki, orada bir nəfər mübahisə edir, səs-küy salır. Mən də xahiş etdim ki, məni həmin şəxslə əlaqələndirsinlər. Telefonda səsdən həmin şəxsin Həsən olduğu mənə məlum oldu. Təşkilatçıya dedim ki, Həsən mənim tələbəm olub, gələrək onunla söhbət edəcəm. Həmin vaxt telefonda Həsən dedi ki, gəl, mən səni başa salacam. Bu zaman ona dedim ki, Həsən mənəm, Ruslan müəllimdir. Həsən cavab qaytardı ki, sən mənim üçün Ruslan müəllim yox, Ruslansan”.

Ruslan Əfəndiyev deyib ki, daha sonra tələbələri ilə birlikdə “Dəniz Mall”a gəliblər. Onun sözlərinə görə, orada Həsən Əzizovla tələbələrindən biri olan Rüfətlə danışdığını görüb: “Onlara yaxınlaşdım və Həsənə Ruslan müəllim olduğumu dedim. Bu zaman Həsən mənə kobud cavab verdi. Daha sonra tələbəm Tofiq yaxınlaşdı və ona iradını bildirdi. Həsən Tofiqin üz nahiyəsinə yumruq atdı. Daha sonra mən araya girdim və ona badalaq ataraq zərərsizləşdirdim. Həmin vaxt Tofiq yarışa görə çəki salmışdı. Bu səbəbdən bədəni zəifləmişdi. Qorxdum ki, o zədələnər və yarış bizim üçün bitər”.

Ruslan Əfəndiyev qeyd edib ki, Həsən Əzizov ibtidai istintaq zamanı verdiyi ifadəsində onun tələbələrinin adlarını verib: “Halbuki o şəxslər hadisə yerində olmayıblar. Hadisə yerində mən, Tofiq, Rüfət və Xəzər olub. Mən Həsəni qətiyyən söyməmişəm. Həsən çox aqressiv idi. Mən uşaqlara tapşırdım ki, o təxribat yaratmaq istəyir, bu səbəbdən ona yaxınlaşmasınlar”.

Ruslan Əfəndiyev bildirib ki, Vüqar Kərimov onların yanında olmayıb, onun bu mübahisələrdən xəbəri olmayıb. O, həmçinin qeyd edib ki, Həsən Əzizova heç bir xəsarət yetirilməyib.

Daha sonra suallara cavab verən Ruslan Əfəndiyev bildirib ki, Həsən Əzizovla aralarında yaranan mübahisə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma başlanılıb.

“Mən sonradan Həsən Əzizovun vəkili vasitəsi ilə ona barışmaq üçün 2 min manat verməyi təklif etdim. Sonradan görüşdük, 3 min manata razılaşdıq. Amma sonradan onlara zəng etsək də, zəng çatmadı, ya da zənglərimizə cavab verən olmadı. Sonradan eşitdim ki, Həsən 10 min manat istəyir. Mən də razı olmadım” – deyə Ruslan Əfəndiyev bildirib.

Ruslan Əfəndiyev daha sonra bildirib ki, Həsən Əzizovu heç kim vurmayıb, ona xəsarət yetirən olmayıb: “Həsənə şapalaq da vuran olmayıb. Mənim 53 yaşım var, heç vaxt yalan danışmamışam, danışmaram da. İttihamda yazılanlar yalandır. Biz söyüş söyməmişik. Tofiq Həsənə yumruq atmayıb. Bundan başqa, heç kim Həsənə yumruq zərbəsi vurmayıb”.

Daha sonra ifadə verən digər təqsirləndirilən Vüqar Kərimov bildirib ki, Ruslan Əfəndiyev və digər təqsirləndirilən şəxslərlə birlikdə avtomobillə “Dəniz Mall”a gəliblər. O bildirib ki, Mehman Məmmədovla birlikdə konfrans zalına keçib və orada olublar. Onun sözlərinə görə, hadisənin olduğu yerdə olmaması, konfrans zalında olması ilə bağlı şahidləri var.

Ruslan Əfəndiyev və digər təqsirləndirilən şəxslər - Xəzər Rüstəmov, Rüfət Əsədov, Tofiq Musayev ifadələrində etiraf ediblər ki, Vüqar Kərimov hadisə yerində olmayıb. Onlar deyiblər ki, Vüqar Kərimov başqa yerdə olduğu halda onun barəsində cinayət işi başlanılıb. Həmçinin təqsirləndirilən şəxslərin hər biri deyiblər ki, onlar tərəfindən Həsən Əzizova heç bir xəsarət yetirilməyib.

Daha sonra iş üzrə şahid qismində dindirilən şəxslərdən biri də Mehman Məmmədov olub. İlk əvvəl Mehman Məmmədov təqsirləndirilən şəxs qismində cəlb edilsə də, sonradan onun hadisənin iştirakçısı olmadığı məlum olub. Bu səbəbdən istintaqın sonunda onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Mehman Məmmədov məhkəmədə etiraf edib ki, o hadisənin şahidi olmayıb. O, həmçinin deyib ki, məlum hadisədən bir gün əvvəl Həsən Əzizovla görüşüb, yarış barədə söhbətləri olub.

Mehman Məmmədov qeyd edib ki, Həsən Əzizovla normal münasibətləri olub, onların arasında heç bir narazılıq olmayıb. Mehman Məmmədov qeyd edib ki, hadisə vaxtı Vüqar Kərimov onun yanında olub.

Bundan sonra Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərimov və Rüfət Əsədovun vəkilləri vəsatətlə çıxış ediblər. Onlar təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirilməsi, onların ev dustaqlığına buraxılması məsələsini qaldırıblar.

Vüqar Kərimovun vəkilləri bildiriblər ki, müvəkkilləri hadisə yerində olmayıb. Onların sözlərinə görə, bu fakt həm təqsirləndirilən şəxslərin, həm də şahidlərin ifadələri ilə təsdiq olunur.

Vəkillər deyiblər ki, Vüqar Kərimov hadisə yerində olmadığı halda onun bu gün dəmir barmaqlıq arxasında saxlanılması düzgün deyil.

“Hadisə yerində olmayan şəxsi həbsə atıblar. Vüqar Kərimovla bağlı hissədə yanlışlığa yol verilib. Bizim bununla bağlı hadisə yerinin videokameralarının çəkilişini istəmişik. Amma bizim bu istəyimiz müstəntiq tərəfindən rədd edilib. Məhkəmə araşdırması zamanı şahidlərin də ifadələrindən məlum olacaq ki, Vüqar Kərimov hadisə yerində olmayıb. O, kənar bir yerdə olub. Onun iki azyaşlı uşağı var. Şəxs hadisə yerində olmayıb, onun həbsdə saxlanılması düzgün deyil”, - deyə vəkil qeyd edib.

Dövlət ittihamçısı isə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlərin təmin olunmamasını istəyib.

Daha sonra müşavirəyə gedən hakim zala gəlib və vəsatətlərin təmin olunamaması barədə qərarı açıqlayıb.

Növbəti proses iyunun 28-də davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər