Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Beynəlxalq Məhkəmənin verdiyi açıqlamaya görə, onlar haqqında hərbi cinayətlərdə iştirak etdikləri və insanlığa qarşı cinayətlər səbəbi ilə həbs qərarı verilib.
Orderlərdə 10 oktyabr 2022-ci il və 9 mart 2023-cü il tarixləri arasında mülki şəxslərə qarşı törədilmiş hücumlar və qeyri-insani hərəkətlərdə Şoyqu və Gerasimovun birbaşa iştirak etdiyi bildirilib. Onların tabeliyində olan əsgərlərə cinayətləri törətmək əmri verdiyi və onlar üzərində nəzarət etdikləri, öhdəliklərinə zidd hərəkət etdikləri qeyd edilmişdir.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin martında Ukraynada törədilən cinayətlərlə bağlı apardığı araşdırma çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın da hərbi cinayətləri törətdikləri səbəbindən onların da həbsinə order verildiyini açıqlayıb.
Bundan başqa 2024-cü ilin martında Rusiya ordusunun Aerokosmik Qüvvələrinin Uzaqmənzilli Hərbi Hava Qüvvələrinin general-leytenantı Sergey İvanoviç Kobilaş və Rusiyada Qara Dəniz Donanmasının komandanı admiral Viktor Nikolayeviç Sokolovun həbsinə order verilib.