Dünən Dağıstanın Serqokalinsk vilayətinin başçısı vəzifəsindən uzaqlaşdırılan Maqomed Ömərov 10 sutka həbs edilib.
Teleqraf.com “Kommersant”a istinadən xəbər verir ki, bu barədə respublika Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Zarema Mamayeva bildirib.
Mahaçqalanın Lenin Rayon Məhkəməsi onu Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20-ci maddəsinin 1-ci hissəsi (xırda xuliqanlıq) ilə inzibati cinayət törətməkdə təqsirli bilib.
Maqomed Ömərov iyunun 24-də axşam saatlarında həbs edilib. Mənbənin sözlərinə görə, hazırda istintaq rayonun keçmiş rəhbərinin terrora yardımda ittiham edilib-edilməməsi ilə bağlı müzakirələr aparır.
Bundan əvvəl Rusiya mətbuatı Mahaçqala hücumunda Ömərovun iki oğlunun iştirak etdiyini yazmışdı.
“Kommersant”ın məlumatına görə, Mahaçqaladakı sinaqoq, kilsə və polis əməkdaşlarına hücumun iştirakçılarından biri də rayon rəhbərinin oğlu Osman Ömərov olub. İyunun 23-də Mahaçqala və Dərbənddə silahlı şəxslər atəş açıb. Onlar iki pravoslav kilsəsinə, sinaqoqlara və yol polisi idarəsinə hücum ediblər.
Hücumun qurbanı 21 nəfər olub, onlardan 16-sı polisdir. Hücum edənlərdən 5-i öldürülüb.