ABŞ-nin Corciya ştatının Atlanta şəhərində hazırkı prezidenti Cozef Bayden və keçmiş prezident Donald Tramp arasında seçkiqabağı teledebat keçirilib.
Teleqraf.com xəbər verir ki, CNN-in təşkil etdiyi və canlı yayımladığı debatın ilk raundu saat yarım davam edib. İlk dəfə olaraq studiyada tamaşaçı olmayıb, iki CNN aparıcısı müzakirəyə moderatorluq edib və suallar verib. Bayden və Tramp növbə ilə danışıblar, bir iştirakçı danışarkən digərinin mikrofonu səssiz qalıb.
Müzakirənin birinci hissəsi Amerikanın daxili gündəmində olan iqtisadi problemlər, miqrasiya, abort və digər məsələlərə həsr olunsa da, söhbət tez bir zamanda beynəlxalq mövzulara keçib.
Tramp Amerika qoşunlarının Əfqanıstandan xaotik çıxarılmasına “ölkə tarixində ən biabırçı məqam” adlandırıb və bunun Rusiyanın Ukraynanı işğal etməsinə səbəb olduğunu deyib.
"Həyatımda heç vaxt bu qədər cəfəngiyat eşitməmişəm", – Bayden söyləyib.
Tramp növbəti dəfə qələbə qazanacağı təqdirdə münaqişəni həll edəcəyini bir daha bəyan edib, həmçinin Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülh üçün irəli sürdüyü şərtləri məqbul hesab etmədiyini vurğulayıb.
Debat iştirakçıları mütəmadi olaraq bir-birlərini yalan danışmaqda ittiham ediblər. Tramp bir daha Baydeni tarixin ən pis prezidenti adlandırıb.
O, debat zamanı hazırki prezidenti Co Baydeni aşağılayıb.
Miqrasiya ilə bağlı çıxışının sonunda Bayden fikrini tamamlaya bilməyib.
Tramp fürsətdən istifadə edərək rəqibinin danışığını idarə edə bilmədiyini deyib.
“Düzünü desəm, onun çıxışının sonunda nə dediyini bilmirəm. Düşünürəm ki, o, nə dediyini bilmir”, – deyə Tramp bildirib.
Qeyd edək ki, Tramp əvvəllər Baydeni cinayətkar adlandırmışdı. Trampın fikrincə, Bayden prezidentlikdən gedən kimi mühakimə olunmalıdır. Bundan əlavə, Tramp insanlara Baydenin oğlu Hunterin məhkəmə prosesini xatırladıb.