Rusiya qoşunlarının Pokrovska doğru irəliləməsi nəinki mühüm təchizat yollarını, şəhərin özünü və onun bütün dinc sakinlərini təhlükə altına qoyur. Bu, həm də Pokrovskdan cənubda Ukrayna qüvvələri üçün son dərəcə təhlükəli vəziyyət yaradır.
Teleqraf.com xəbər verir ki, bunu “Forbes”in analitiki Devid Eks deyib.
Onun sözlərinə görə, Pokrovska yaxınlaşan ruslar Memrik kəndi ilə Vovça çayı arasında mövqe tutan Ukrayna qüvvələrindən yan keçiblər. Eks iddia edir ki, Rusiya ordusu bu istiqamətdə bir neçə həlledici manevrlə Ukrayna qoşunlarını tələyə sala bilər.
Mümkündür ki, bu durumdan xəbərdar olan Ukrayna geri çəkilməyə başlayıb. Bu, Ukrayna komandanlığının ən ağıllı addımı olardı. Geri çəkilmək ruslara təxminən 30 kvadrat metr ərazi qazandıracaq. Amma Ukraynaya öz qüvvələrini qoruyub saxlamağa imkan verəcək.
“Kifayət qədər qüvvə yoxdur, sayları o qədər azdır ki, dörd briqadanın hissələrinin itirilməsi ukraynalılar üçün fəlakətli ola bilər. Eyni zamanda, demək olar ki, mühasirəyə alınmış bu qoşunların uğurla təxliyəsi Ukraynanın düzəldilmiş və qısaldılmış xəttini gücləndirə bilər”, - Eks vurğulayıb.