“Hizbullah” lideri Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsindən sonra Livanda gərginlik səngimir. Hücumlar səbəbindən Beyrut və Livanın şimalına kütləvi köç yaşanır.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazır.
Nəşr İsrailin Livanın şimal və cənub bölgələrini, xüsusilə Dahiyəni (paytaxt Beyrut) intensiv bombaladığını bildirir.
“Dahiyə və Beyrut üzərindən həm gündüz, həm də gecə saatlarında İsrail PUA-larının səsi eşidilir. Bu PUA-ların bölgədə kəşfiyyat məlumatları topladığı bildirilir”, - məqalədə qeyd olunur.
Qəzet vurğulayır ki, Nəsrullahın öldürülməsindən sonra “Hizbullah” daxilində İrana qarşı böyük qəzəb var:
“Hizbullah” üzvləri hesab edirlər ki, İran onlara kürəyindən bıçaq vuraraq xəyanət edib. İş o yerə çatıb ki, sosial media hesablarında İran və İsrail bayraqları qarşısında masa ətrafında toplaşan hər iki ölkənin süni intellekt görüntüləri paylaşılır, Tehran və Təl-Əviv “qardaşlar” adlandırılır. İranın ABŞ və İsraillə əməkdaşlıq etdiyini düşünən bəzi “Hizbullah” üzvləri öz reaksiyalarını bu şəkildə ifadə edirlər”.
“Yeni Şafak” əlavə edir ki, “Hizbullah” üzvləri liderlərinin ölümü ilə böyük bir çöküş yaşayırlar:
“Bir tərəfdən də Nəsrullahın dəfn mərasiminin nə vaxt keçiriləcəyi qeyri-müəyyən olaraq qalır, digər yandan isə yeni liderin kim ola biləcəyi müzakirə olunur. Həsən Nəsrullahın əmisi oğlu və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandiri Qasım Süleymaninin kürəkəni Seyid Haşim Səfiəddinin yeni lider olacağı ən çox səslənən iddialar sırasındadır. Seyid Haşim “Hizbullah” daxilində “Nəsrullahın kölgəsi” adlandırılır. Hazırda böyük çöküş və kədər içində olan “Hizbullah”ın rəsmən yeni liderini nə vaxt açıqlayacağı səbirsizliklə gözlənilir”.
Ərəb nəşrləri artıq Seyid Haşimin Nəsrullahın boş qalan yerinə keçdiyini iddia edirlər.