16:13
240
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nyu-York Tayms” və Sien Kolleci tərəfindən aparılan sorğu noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edərkən, Donald Tramp və Kamala Harrisin seçki yarışında başabaş getdiyini üzə çıxarıb.

Teleqraf.com xəbər verir ki, 2516 qeydiyyatdan keçmiş seçici ilə telefonla aparılan sorğuda namizədlərin səs nisbətləri 48 faiz olub.

Ölkə ilə bağlı problem əsaslı suallara görə, Tramp iqtisadiyyat üzrə 52 faiz, miqrasiya məsələsi üzrə 54 faiz səslə rəqibinin önünə keçib. Harris isə demokratiyanın gələcəyi ilə əlaqəli narahatlıq baxımından 51, abort məsələsində isə 55 faiz səs alan namizəd olub.

Seçkilərə iki həftədən az bir müddət qalmış iki rəqibin eyni səs nisbətinə sahib olması davam edən seçki kampaniyalarında qızğın mübarizə kimi qiymətləndirilir. Analitiklərə görə, bu durum nəticələr baxımından seçkilərin sərt mübarizə şəraitində keçəcəyini göstərir.

Sorğuda həmçinin vurğulanıb ki, namizədlərin səs nisbətləri eyni olsa da, iki rəqibin taleyini “yelləncək ştatlar” kimi tanınan Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina, Pensilvaniya və Viskonsinin neytral və ya qərarsız seçiciləri müəyyənləşdirəcək.

ABŞ-da keçirilən digər cari sorğulara görə, Harris ümumxalq səs payına görə Trampı, Tramp isə prezidentlik yarışında həlledici olacaq 7 kritik ştatda Harrisi cüzi fərqlə qabaqlayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər