17:26
332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanıq orqanizmin dəri və toxumalarının zədələnməsidir. Yanıq yaraları qaynar maye və ya qızmar əşyalarla, elektrik cihazlarıyla, isti buxar və kimyəvi maddələrlə təmas nəticəsində yaranır. Belə hallarda mümkün qədər tez və düzgün formada ilk yardım göstərmək çox önəmlidir. Bir çox insanlar ilkin müdaxilə zamanı yalnış üsullardan istifadə edərək vəziyyəti daha da çətinləşdirirlər.

Teleqraf.com xəbər verir ki, yanıq zamanı ilk tibbi müdaxilə nə qədər uğurlu və düzgün olarsa, dərinin zədələnməsi və zərərçəkənin həyati təhlükəsi bir o qədər az olar.

Müdaxilə zamanı su, buz, soyuq metal kimi əşyalardan istifadə etmək olmaz. Bu sadalananlar müvəqqəti rahatlıq hissi yaratsa da, bir müddət sonra ağrını daha da gücləndirir.

Yanıq I dərəcəli olsa da, zədələnmiş dəriyə çirkli əllərlə toxunmaq məsləhət görülmür. Yaranı sağaldan vasitələri istifadə edərkən əllər yuyulub antiseptiklə təmizlənməlidir.

Geniş yayılmış xalq ənənəsinə zidd olaraq, zədələnmiş bölgəni yağ tərkibli preparatlarla yağlamaq zədələnmiş bölgədə qabıq yaradıb yaranı daha da pisləşdirir.

Tərkibində spirt olan maddələrdən istifadə də tövsiyə edilmir, çünki bunlar əlavə yanmalara səbəb olaraq ağrıları intensivləşdirir, zədələnmiş dərini qurudur və bərpasını ləngidir.

Yanıq zamanı yaraya diş pastası, qatıq və sair vurmağın heç bir mənası yoxdur. Dərin yanıqlarda bu maddələr son dərəcə zərərli nəticələr doğura bilər.

Dərin yanıqları sarğı ilə bağlamaq yerinə, açıq şəkildə müalicə etmək məsləhət görülür.

Paltar dəriyə yapışıbsa, ətrafını kəsmək, kəmər və sair əşyaları çıxarmaq lazımdır.

Dərin yanıq zamanı ilkin tibbi yardımda dərman və ya yanıq məlhəmi kimi maddələr tətbiq edilməməlidir.

Düzgün tibbi müdaxilə üçün əvvəlcə aşağı dozalı ağrıkəsicilər vasitəsilə ağrıların qarşısını almaq lazımdır. Yanıq zamanı bədən soyuyur və üşümə halları baş verir. Bunun qarşısını almaq üçün xəstənin üstü yorğanla örtülməlidir. Geniş yanıqlar zamanı zərərçəkmiş şəxsdə qusma halları baş verməyibsə, dərhal maye qəbul edilməlidir.

Dəridə su dolu şişliklər meydana gələ bilər. Yanıqların daha çox qıcıqlanmaması və toxumalara təsirinin qarşısını almaq üçün bu şişliklər partladılmamalıdır.


Müəllif: İradə Tağızadə

Oxşar xəbərlər