Gürcüstanın Təhsilin Keyfiyyətinin İnkişafı Milli Mərkəzi Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Avropa Reyestrindən (EQAR) çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu qərardan sonra Gürcüstanda alınan təhsil və diplomların beynəlxalq səviyyədə tanınması ilə bağlı problemlərin yaranacağı barədə fikirlər səsləndirilir.
Milli Mərkəzin direktoru vəzifəsini yerinə yetirən Laşa Marqişvili keçirdiyi brifinqdə bildirib ki, milli diplomların beynəlxalq səviyyədə tanınmasında problem meydana çıxmayacaq.
“İctimaiyyəti, tələbələri, akademik sahənin nümayəndələrini sakitləşdirmək istəyirəm ki, Gürcüstanda verilən diplomların tanınmasının bu qərarla bağlılığı yoxdur”, - o deyib.
Milli Mərkəzdən həmçinin bildirilib ki, qərar beynəlxalq mübadilə proqramları, qrant müsabiqələrinə təsir etməyəcək, özəl ali məktəblərin bağlanması və yaxud Gürcüstanın Boloniya prosesində üzvlüyünün dayandırılmasına gətirib çıxarmayacaq.
Qərardan şikayət veriləcəyini qeyd edən L.Marqişvili söyləyib ki, Milli Mərkəz EQAR-ın tövsiyyələrinin əksəriyyətini yerinə yetirib və 2024-cü ilin yayında müvafiq qanunvericilik dəyişiklikləri edilib.
Gürcüstanın bəzi təhsil ekspertləri isə L.Marqişvilinin nikbinliyini bölüşmür. Onların sözlərinə görə, qeydiyyatın dayandırılması ciddi siqnaldır və Gürcüstanın təhsil standartlarının beynəlxalq tanınmasına təsir göstərəcək.
Qeyd edək ki, Gürcüstanın Təhsilin Keyfiyyətinin İnkişafı Milli Mərkəzinin EQAR-dan çıxarılması barədə qərar beynəlxalq ekspert qrupunun rəyindən sonra dekabrın 20-də qəbul edilib. Rəydə mərkəzə siyasi təsirin olduğu və akkreditasiyanın universitetlərə təzyiq üçün istifadə edildiyi bildirilib.