24 Dekabr 12:15
3 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Bəşər Əsəd rejimini devirən silahlı qüvvələr rəsmən nizami ordu sisteminə keçir. Ölkənin ayrı-ayrı bölgələrindəki bütün qruplar bu məqsədlə paytaxt Dəməşqə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Suriyanın yeni müdafiə naziri Mərfa Əbu Kəsranın sədrliyi ilə Dəməşqdə keçirilən toplantıda bölgə və qrup fərqi nəzərə alınmadan bütün Suriyanın müdafiəsini öz üzərinə götürəcək ordu sxemi komandirlərə təqdim edilib.

Türkiyənin Suriyanın dəniz, hava və quru qüvvələrinin yenidən qurulması prosesinə fəal dəstək verəcəyi bildirilib. Həmçinin əldə edilmiş razılaşmalarla Suriyanın 5 fərqli nöqtəsində Türkiyənin hərbi varlığı olacaq.

Suriyalı general Əhməd Osman “Türkiyə”yə Dəməşqin məqsədinin yaxın bir il yarım ərzində 300 minlik ordunun qurulması olduğunu açıqlayıb.

PKK/YPG terror təşkilatının rəhbərliyi dekabrın 8-dən etibarən çoxsaylı görüşlər üçün Dəməşqə müraciət edib. İlk xahişi PKK/YPG-nin indiki formada Suriya ordusuna qatılmaqla bağlı olan təşkilat bundan sonra tərksilah və siyasi inteqrasiya istəyib. Əlavə olaraq, terrorçular Dəməşqdən parlament və hökumətdə vəzifə xahiş ediblər. Suriya rəhbərliyi isə bütün işğal olunmuş ərazilərin qeyd-şərtsiz təhvil verilməsinin lazım olduğunu, əks halda ilk əməliyyatın PKK-ya qarşı aparılacağını bildirib.

“Türkiyə”nin məlumatına görə, yeni rəhbərlik Suriya vətəndaşı olan PKK üzvlərini mühakimə etmək niyyətindədir. Həmçinin nəşr yazır ki, Suriyanın yeni lideri Əhməd əl-Şara (Əbu Məhəmməd əl-Colani) hər şeyə baxmayaraq, dəyişikliklərin bu prinsiplər çərçivəsində dialoq yolu ilə idarə olunmasının tərəfdarıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər