09:14
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- 2024-cü il Azərbaycanla Ermənistan arasında sülh müstəvisində irəliləyişlər olsa da, yekun razılaşma əldə edilmədi. 2025-ci illə bağlı nə kimi gözləntilər var? Nəhayət, tərəflərin tarixi razılaşmaya imza atması gözlənilirmi?

- 2025-ci ildə çərçivə sülh sazişi üzrə bir çox irəliləyişlərin əldə ediləcəyi gözlənilir. Hətta sülh sazişinin də imzalanması mümkündür. Çünki proses uzandı. İndi demək olar ki, çərçivə sülh razılaşması tam hazırdır. Artıq bir çox məsələ razılaşdırılıb. Sülh sazişinin isə ilkin müddəası ətrafında müzakirələr gedir. Artıq bu istiqamətdə də razılaşmaların əldə olunması ilə bağlı informasiyalar mövcuddur. Ona görə də gələn il nəhayət sülh müqaviləsinin imzalanması baş tuta bilər.

- Regional kommunikasiya xəttlərinin açılması ilə bağlı proqnozlar nədən ibarətdir?

- Kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası prosesləri də gələn il sürətlənəcək. Ona görə də gələn ildə görüləsi işlər çoxdur. Bunun da çoxu 2025-ci ildə öz həllini tapacaq.

- Nikol Paşinyanın Qarabağla bağlı etirafları var. İndiki halda Ermənistan rəhbərliyinin bu etirafları prosesə necə təsir edə bilər?

- Ermənistan baş nazirinin 2018-ci ildə hakimiyyətə gələrkən Qarabağ məsələsinin ancaq Azərbaycanın xeyrinə həll olunması, bütün danışıqlarda Qarabağın Azərbaycana təhvil verilməsi ilə bağlı açıqlamaları gecikmiş bəyanatlardır. Bunlar zamanında açıqlansa idi, bəlkə də proseslərin bəlli səviyyədə inkişafına təsir edə bilərdi. Amma indiki halda belə açıqlamaların verilməsi proseslərə heç bir təsir etməyəcək.

- Bəzən Qarabağ məsələsində erməni tərəfi keçmiş sovet xəritələrinə istinad edir. Bu nə dərəcədə məntiqlidir? İrəvan keçmişdə özü üçün nə kimi istinadlar axtarır?

- Keçmiş sovet hakimiyyəti illərində də Dağlıq Qarabağ Azərbaycanın tərkibində idi. Keçmiş hərbi canilər olan Serj Sarkisyan və Robert Köçəryan Dağlıq Qarabağı müstəqil subyekt və Ermənistana birləşdirilməsi kimi iddialar irəli sürüb. Hətta o dövrdə Kremldən də onlara bu və ya digər formada dəstək verilirdi. Amma sonradan vəziyyət tamamilə dəyişdi. Elə Avropa ölkələrinin də yanaşması başqa idi. Beləliklə, Qarabağın hətta orada yaşayan ermənilərlə birlikdə Azərbaycana məxsus olması fikirləri hallanmağa başladı. Sadəcə olaraq, 2023-cü ildəki antiterror tədbirlərindən sonra ermənilər könüllü şəkildə Qarabağı tərk etdi. Onlara heç kim təzyiq və təsir etməyib. Ona görə də indiki status-kvo sülh prosesinə mane olmur.

- Bakı və İrəvan arasında sülhün kimin moderatorluğu ilə və harada imzalanacağı da müzakirə mövzusudur. Moskva və Vaşinqton arasında bu məsələdə cidddi fikir ayrılığı var. Sizcə, hansı tərəfin mövqeyi daha ağır gələcək?

- Kreml yapışdığı yerdən əlini buraxmır. Sülhyaratma prosesi də məhz bu reallıqlara görə uzanır. Bu məsələdə gah Zəngəzur dəhlizi, gah da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) problemləri ön plana çəkilərək, prosesə maneələr yaradılır. Buna paralel olaraq, sülh müqaviləsinin ABŞ-a da etibar edilməsi ümidverici deyil. Uzun müddət Bakı və İrəvandan verilən mesajlar da bunu təsdiq edir. Hər iki tərəf öz aralarında sülh sazişini işləyib hazırlayacağını bildirib. Ona göər də Azərbaycanla Ermənistan yekun razılığa gələ biləsə, iki ölkə sərhəddində bu razılaşmanın imzalanması mümkündür.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər