Son zamanlar diplomsuz, sertifikasiyasız həkimlərlə bağlı məsələlər çox eşidilir. Sözsüz ki, bu, aktual bir mövzudur. Həkimlik bilavasitə insan taleyi ilə bağlıdır. Belə bir deyim var ki, hüquqşünaslar, hakimlər, həkimlər insan taleyi ilə məşğul olur. Ona görə də həkimlərimiz savadlı, təcrübəli olmalıdırlar.
Bunu Teleqraf.com-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Siyavuş Novruzov deyib.
“Azərbaycanda kifayət qədər savadlı, təcrübəli həkimlər var. Tibb Universitetinin yetirmələri və xaricdə təhsil almış yaxşı, savadlı, təcrübəli həkimlərimiz ölkə səhiyyəsinin inkişafında yer alırlar. Onların arasında tanınmış cərrahlarımızın adlarını çəkə bilərik. COVID19 pandemiyası dövründə həkimlərimiz üzərlərinə düşən vəzifələri yüksək səviyyədə icra etdilər. Amma həkim adına uyğun olmayan şarlatanlar da az deyil. Bu cür saxta həkimlər yalandan vətəndaşı aldadır, müalicə əvəzinə cərrahi əməliyyata salır. Sözsüz ki, bunu da ancaq qazanc, pul xatirinə edirlər”, - deyə S.Novruzov söyləyib.
Komitə sədri bildirib ki, bəzi yalançı həkim başı çıxmadığı halda insanlarda olan ağırlara başqa xəstəlik adları qoymaqla, daha çox pul qazanmaq istəyirlər:
“Təbii ki, bu cür saxta həkimlərə qarşı mübarizə aparmaq lazımdır. Belə adamlara hansısa lisenziyanın verilməsinin özü də cinayət hesab olunmalıdır. Çünki bu gün dəbdə olan gözəllik estetikası ilə bağlı kimsə yalandan gedib 6 aylıq bir kurs keçir, guya ixtisasını dəyişir. İxtisasını dəyişdikdən sonra “sertifikat” gətirir ki, “mən bu sahəni öyrənmişəm”. Beləliklə həmin o saxta həkim insan üzərində əməliyyatlar icra etməyə başlayır. Üz, çənə qarın və başqa nahiyələrdə həmin həkimlər ciddi əməliyyatlar icra edirlər. Hansı ki, bu tibbi əməliyyatlar risklidir. Heç bir ilkin tibbi analiz və araşdırma olmadan bu cür əməliyyatların sonu bir çox hallarda faciələrlə bitir”.
Siyavuş Novruzova görə, pul xatirinə hansısa həkimlərin insanların üzərində cərrahi əməliyyatlar aparmasına yol vermək olmaz: “Belə əməliyyatlardan sonra ölüm halları da qeydə alınır. Həmçinin doğuş prosesi zamanı da ana və uşaq ölümü ilə bağlı faktlar var. Regionlarımızda və paytaxtda belə ağrılı informasiyalar yayılır. Burada da hansısa həkimin səhlənkarlığı və yaxud təcrübəsizliyi, savadsızlığı məsələləri gündəmə gəlir. Ona görə də bu kimi məsələlərlə bağlı ciddi ölçü götürülməlidir. Kimlərinsə insan taleyi ilə oynamasına imkan vermək olmaz. Tibb elə bir sahədir ki, burada daimi olaraq yeniliklər, inkişaf gedir. Hansısa bir həkim köhnə bilgilərlə bu sahədə fəaliyyət göstərə bilməyəcək. Mütləq ki, bu sahəni seçmisənsə, yeniliklərə də açıq olmalısan”.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, qanunvericiliyə görə, Azərbaycan ərazisində səhiyyə sistemində iki təhsil pilləsi mövcuddur: “Bu ümumi tibb və rezidentura təhsilidir. Azərbaycanın qoşulduğu beynəlxalq təhsil müqavilələrində artıq bu sistem nəzərdə tutulub. Ona görə də həkimlər Azərbaycan Tibb Universitetini bitirdikdə ümumi tibb təhsili alırlar. Sonra isə müvafiq ixtisaslar üzrə rezidentura təhsili keçirlər. Hər iki təhsili uğurla başa vurmuş şəxslər Azərbaycan ərazisində praktiki olaraq ixtisasına uyğun şəkildə fəaliyyətlə məşğul olur”.
Komitə üzvü vurğulayıb ki, xaricdə ümumi və rezidentura təhsili almış mütəxəssislər üçün qaydalar fərqlidir: “İlk olaraq Təhsildə Keyfiyyətin Təminatı Agentliyi onların ümumi tibb təhsilini tanıdıqdan sonra Səhiyyə Nazirliyinə müraciət edilir və araşdırmalar aparılır. Rezidentura təhsilində də şəxsin bilik və bacarıqları müəyyən edildikdən sonra ölkə ərazisində tibb fəaliyyətə buraxılmasına icazə verilir. Mexanizm məhz bundan ibarətdir. Amma haradasa, kurs keçmək və yaxud fəaliyyət göstərmək, həkimin fəaliyyətinə müsbət çalarlar versə belə, o rəsmi prosedur qaydalarına uyğun deyil. Bundan kənarda kimlər fəaliyyət göstərirsə, qanun pozulur. Artıq belə şəxslər haqqında müvafiq araşdırmalar aparılır. İnzibatı və yaxud cinayət xarakterli xəta varsa, müvafiq qərarlar qəbul edilir”.
Müşfiq Məmmədliyə görə, müəyyənləşmiş mexanizm özəl və dövlət səhiyyə sistemi üçün keçərlidir: “Dövlət sektorunda bu məsələlərə çox ciddi şəkildə nəzarət olunur. Səhiyyə nazirliyinin və TƏBİB-in tabeliyində olan müəssisələrdə ixtisasa uyğun şəkildə tibb personalının yerləşdirilməsi həyata keçirilir. Özəl sektorda isə vəziyyət heç də üzərkaçan deyil. Belə müəssisələrdə ixtisasında problemlər olan və yaxud uyğun olmayan şəxslər aşkarlanıb. Hüquq-mühafizə orqanları bu faktları aşkar etdikdə ciddi tədbirlər görürlər. Səhiyyə Nazirliyi də davamlı şəkildə monitorinqlər aparır. Bu monitorinqlər sözsüz ki, daha çox aparılmalıdır. Hər kəs qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərməlidir”.