24 Dekabr 11:06
5 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ana Təbiət” Natural Gigiyena mərkəzinin rəhbəri, yazıçı-jurnalist Ərşad Əzimzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Ərşad bəy, sosial şəbəkədə paylaşımlarınız maraqla qarşılanır. Siz hesab edirsiniz ki, bütün un məmulatları, o cümlədən çörək, ət, yağ, duz, şəkər və çay orqanizmi məhv edir. Bunun səbəblərini izah etməyinizi istərdik.

- Dünya tibb elminin banisi Hippokrat eramızdan neçə min il əvvəl, dünyanın son peyğəmbəri Məhəmməd əleyhissalam isə bizim eranin 7-ci əsrində qida haqqında o qədər dərin fikir söyləyiblər ki, bəşər onları tibb elminin təməlinə qoymuş olsaydı, nə bu qədər “elmi” əsər yazmağa, elm ocağı, klinika, aptek açmağa, nə həbsxana, silah-sursat zavodu tikməyə, nə də ordu yaratmağa ehtiyac olardı. İnsan sağlam cismə və ruha malik olan kamil varlıq kimi formalaşardı. Öz bədənini şlak (zir-zibil) anbarına və mikrob yuvasına döndərməzdi, uzun illər sağlam və xoşbəxt yaşayardı.

Böyük loğman deyirdi: “Biz nə yeyiriksə, oyuq”. Çünki damarlarımızda axan qan qidadan yaranır. Son peyğəmbər bu fikiri bir qədər də dərinləşdirib: “Bütün fəsadların yuvası - mədədir, bütün dərdlərin çarəsi - pəhrizdir”. Fikir verin: peyğəmbər “bütün xəstəliklərin” yox, “bütün fəsadların” kəlməsini işlədib. Bu kəlmənin tutumu çox böyükdür. Bura xəstəliklərdən əlavə, bütün pis cəhətlər - oğurluq, qəddarlıq, zorakılıq, münaqişə ocağı yaratmaq, müharibə aparmaq, hətta, təbii fəlakətlər də daxildir.

İnsan düzgün qidalansa, onun cismi də, ruhu da, düşüncəsi də, əxlaqı da, əməli də sağlam və pak olar.

Qayıdaq verdiyiniz suala. “Möcüzəsiz möcüzə” və “Bizi yaşadan da qidadır, öldürən də” əsərlərimi oxuyanlar bilir ki, bütün qidalar 2 qismə bölünür: ölü qidalar və canlı qidalar. Bişmiş, sirkəyə, duza və şəkərə qoyulmuş qidalara ona görə “ölü” deyirlər ki, onların tərkibində olan faydalı elementlərin hamısı müdaxilə nəticəsində ölür.

Biz ölü qidaları qəbul edərkən 2 zərərli hadisə baş verir. Birinci, bizi qoruyan və yaşadan hüceyrələr lazım olan elementləri ala bilmir, ac qalır, xəstələnir və kütləvi şəkildə qırılır. Sağ qalan ac hüceyrələr isə artıb-törəyə bilmir. Bu üzdən müdafiə xətti (immun sistemi) zəifləyir.

İkinci, orqanizmin həzm edə bilmədiyi ölü qidalar çürüntüyə çevrilir, yığışıb bədəndə qalır. Çürüntü isə mikrobların və bakteriyaların sevimli xörəyidir. Bol qida anbarına malik olan düşmən ordusu sürətlə artıb-törəyir, güclənir. Müdafiə xəttini asanlıqla yarıb keçir, yəni, insan xəstələnir.

- Zərərli hesab etdiyiniz qidaları rasionumuzdan necə çıxarmalıyıq və nə ilə əvəz etməliyik?

- Son peyğəmbər bəla yuvasını göstərməklə kifayətlənməyib, ondan yaxa qurtarmağın yolunu da göstərib – pəhriz! Bəzi adamlar elə bilir ki, pəhriz ac qalmaq deməkdir. Əlbəttə, ən sürətli və ən səmərəli təsir vasitəsi olan aclıq da “pəhriz”ə daxildir.

Lakin pəhriz qidalanma qaydalarına tam əməl etmək deməkdir.

Hər bir insan 3 vacib sualın cavabını dəqiq bilməli və onlara əməl etməlidir: nə yemək, nə qədər yemək və necə yemək. Burda 2 şərt var: 1.Süfrədə canlı qida ölü qidadan 3 dəfə çox olmalıdır. 2.Uzlaşmayan qidaları qarışdırmaq olmaz. Uzun illər öyrəşdiyin pis vərdişləri atmaq üçün insandan möhkəm iradə tələb olunur. Buna hər adamın iradəsi çatmır.

Bu reallığı nəzərə alaraq, təzəliklə “Cəhənnəmdən Cənnətə bir addımdır” adlı yeni kitab nəşr etdirdim. Orda sağlam həyat tərzinə mərhələli, addım-addım keçməyin yolunu göstərmişəm.

Bu işdə əsas şərt istək və qərardır: “Mən daha soxulcan kimi sürünmək istəmirəm, insan kimi yaşamaq istəyirəm”. Belə istək olmasa, xəstəlik və bədbəxtlik yolunu tərk edib, sağlamlıq və xoşbəxtlik yoluna keçmək mümkün olmur.

Zərərli qidaları nə ilə əvəz etməliyik? Tərkibində günəş enerjisi bol olan canlı qidalarla - çiy su, meyvə, tərəvəz, göyərti, yarpaqlar, zoğlar, tumlar. Nə üçün biz saatlarla enerji sərf edərək, od qiymətinə aldığımız qozu, fındığı, badamı paxlavaya, şəkərburaya, torta çevirib, bu dəyərli ruzini zəhərə döndərib yalnız bundan sonra yeməliyik? Onları çiy şəkildə yesək, cibimizə də faydası dəyər, canımıza da.

- “Bizi yaşadan da qidadır, öldürən də” əsərində canlı qidalar haqqında ətraflı məlumat vermisiniz. Ancaq indi, demək olar, aldığımız hər məhsulda qatqılar var. Bu halda sağlam qidalanma mümkündürmü? Menyumuzda nələr olmalıdır?

- Ən ağrılı yerimə toxundunuz. Bu gün bəşəriyyətin başının üstünü alan fəlakət nüvə müharibəsi təhlükəsi deyil, ərzağın ekoloji natəmizliyidir.

Kimya maqnatları elə güclənib ki, kəndli torpağı narkomana çevirib: külli miqdarda dərman verməsə, məhsul ala bilmir, əməyi puç olur. Süni yollarla yetişdirilən zərərvericilər və xəstəliklər bütün dünyanı basıb.

İş o yerə çatıb ki, bəzi pulgir ölkələr kimyəvi maddələrdən süni ərzaq məhsulları istehsal edir. Belə bir şəraitdə seçim etmək çox çətin olub. Bununla belə, biz iki zərərlidən nisbətən az zərərlini seçə bilərik. Yəni çörəyin yerinə cücərmiş buğda, mərci, noxud yemək olur. Əti-yağı qoz, fındıq, badam, balqabaq və günəbaxan tumları ilə əvəz etmək olar.

Mən 30 ildi qara çayı itburnu və qaragilə dəmləməsi ilə əvəz edirəm, qəndə və şirniyə verdiyim pulu bala, xurmaya, kişmişə, ərik qurusuna verirəm.

Gəlin öz təqsirimizi boynumuza alaq. Biz meyvə və tərəvəz alarkən, onun əmtəə görkəminə, “vidinə” fikir veririk. Kəndli də məcbur olur ki, kimyanın köməyi ilə “yaraşıqlı” məhsul yetişdirsin.

- Xərçəng xəstəliyinin son illər sürətlə artmasına səbəb qidalar göstərilir. Siz necə düşünürsünüz?

- İldırım sürəti ilə artan təkcə xərçəng deyil. Şəkərli diabet, ürək-damar xəstəlikləri, artritlər, göz, sinir sistemi və digər xəstəliklər də eyni sürətlə çoxalır. Hamısının da səbəbi qeyri-sağlam həyat tərzi, qida mədəniyyətinin aşağı səviyədə olmasıdır.

Hər hansı bir qida növünün xərçəng törətməsi fikirinin isə elmi əsası yoxdur. Natorpat alimlər çoxdan sübut ediblər ki, bir orqan üçün faydalı olan qida – bütün orqanlar üçün faydalıdır və əksinə, bir orqan üçün zərərli olan qida bütün orqanlar, bütövlükdə bütöv orqanizm üçün ziyanlıdır. Həm də tək bir qidanı dəyişməklə, hüceyrələrin tələbatını ödəmək mümkün deyil.

Bizim heç ağlımıza da gəlmir ki, hər bir hüceyrənin sağlam olması və öz funksiyasını düzgün yerinə yetirməsi üçün 600 inqriyident (element) tələb olunur. İndiki halda insanlar bədənə vur-tut 200-250 element verə bilir.

- Xərçəngin təbii yollarla müalicəsinə hansı vasitələri misal göstərə bilərsiniz?

- İstər xərçəng olsun, istər də yüzlərlə digər xəstəlik, hamısının bir səbəbi var – pis vərdişlər. Hippokrat hələ o vaxt deyib: “Bizi öldürən qocalıq deyil, pis vərdişlərdi”. Xəstəlik səbəb deyil, nəticədir. O cümlədən yad törəmələr də. Sən hansı bir orqandasa əmələ gələn şişi (nəticəni) kəsib ata bilərsən, səbəb qaldığı üçün o şiş yenidən əmələ gələcək. Alaq otunun başını yüz dəfə kəssən – yenə də bitəcək.

Xərçəngi də, digər xəstəlikləri də sağaltmağın yeganə düzgün yolu – Sağlam Həyat tərzidir. Mən yanıma gələn bütün xəstələrə deyirəm: “Elə bir xəstəlik yoxdur ki, onu sağlam həyat tərzinin köməyi ilə sağaltmaq mümkün olmasın”.

Mən tibb elminin 30 ərzində sağalda bilmədiyi 8 “sağalmayan” xəstəliyi sağaldandan sonra qəti qərara gəldim ki, sağalmayan xəstəlik yoxdur, sağalmayan xəstə var. Xəstə yalnız bir halda sağala bilir: özü özünün həkimi olanda.

- Apteklərdə satılan C və D vitaminlərinin, bioloji aktivliyi artıran qida əlavələrinin qəbulu doğrudurmu? İmmuniteti gücləndirmək üçün nələr tövsiyə edirsiniz?

- Apteklərdə satılan kimyəvi preparatların heç birində nə vitamin var, nə üzvi duzlar və turşular, nə də digər canlı elementlər. Dərman alveri də, “bioaktiv əlavələr” də biznesə xidmət edir.

Heç təsadüfi deyil ki, bu gün dərman biznesi narkobiznesi də üstəliyib, silah biznesini də. Dərmanların bəşərə göstərdiyi ən böyük “xidmət” ondan ibarətdir ki, cari xəstəliyi xroniki xəstəliyə çevirir, daxili orqanları bir-bir sıradan çıxardır, xəstəni həkimin daimi “müştərisinə” çevirir.

İmmun sistemini gücləndirmək üçün 4 tərkib hissədən ibarət olan sağlam həyat tərzinə keçmək zəruridir. Onlar belədir: düzgün qidalanmaq, faydalı hərəkət, kontrast su vannası və özünütəqlid.

- Sizin təklif etdiyiniz təbii müalicə üsullarından sağalanlar olurmu? Əsasən, hansı xəstəliklərin sağalmasına səbəb olub bu üsullar?

- Sizdə mənim fəaliyyətim barədə yanlış təsəvvür yaranıb. Mən müalicə ilə məşğul olmuram, maarifləndirmə işi aparıram, sağlam həyat tərzini təbliğ edirəm. Yazdığım 22 kitabda da, feysbuka qoyduğum səhifələrimdə də, verdiyim müsahibələrdə də, söhbətlərimdə də bir həqiqəti anlatmağa çalışıram: insan özünə ya həkimdir, ya qənim.

Nəfsə və tamaha qalib gələrək, sağlam həyat tərzi yaşayan insan – özünə həkimdir, pinti mədənin zərərli tələblərini kor-koranə yerinə yetirən, pis vərdişlərin bataqlığında boğulan insan isə özünə qənimdir.

- Aclıqla müalicə üsulundan danışmağınızı istərdik. Ac qalaraq, hansı xəstəlikləri sağaltmaq olar?

- Aclıq ən sürətli, ən təsirli, özü də tamam pulsuz başa gələn təmizlənmə üsuludur. Onu bütün xəstəliklərdə tətbiq etmək və gözəl nəticələr almaq mümkündür. Amma bir şeyi nəzərə almaq lazımdır ki, bu işdə əsas məsələ - aclıqdan çıxmaq qaydalarına dəqiq riayət etməkdir.

Gərək “can evini” təmizləyəndən sonra, onu yenidən zibilləməyəsən. Ac qaldığın günlərin ikiqat sayı qədər meyvə və tərəvəz şirələri içəsən, salat yeyəsən. Çəkisi çox olan xəstələr uzunmüddətli (30-40 gün və daha çox) aclıqdan istifadə etməlidir.

- Son vaxtlar miqrendən əziyyət çəkənlərin sayı artıb. Bu xəstəliyə hansı üsulları tövsiyə edərsiniz?

- Üç ölkənin (Almaniya, İtaliya və Rusiya) Tibb elmləri doktoru Abram Zalmanov deyirdi: “Orqanizm bütövlükdə və hər bir hüceyrə ayrı-ayrılıqda dünyanın bütün akademiyalarından ağıllı və müdrikdir”. Dahi loğman belə hesab edirdi ki, bütün elmlərin tacı, zirvəsi – orqanizmə qulluq etməkdir. Bu elmi bilməyən adam cahildir və mütləq xəstə olmalıdır.

Bu və ya başqa xəstəlikdən, o cümlədən davamlı baş ağrısından yaxa qurtarmağın, sağlam və xoşbəxt yaşamağın yeganə yolu – pis vərdişləri tərgidib, sağlam həyat tərzinə keçməkdir. Bunun üçün də sağlamlıq yolunu göstərən kitabları oxumaq, müdrik kəlamları götürüb, öz həyatımıza tətbiq etmək lazım gəlir.

Mən feysbukda qoyduğum bütün tövsiyələrin sonunda yazıram: “Ya Rəbbim! Sən mənim millətimə dərin zəka və möhkəm iradə bəxş elə!”.

Bu diləyi indi də təkrar edirəm!


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər