“Gürcüstanda baş verən hadisələrin qiymətləndirilməsi və digər ölkələrin siyasətləri ilə müqayisədə ikili standartlarla üzləşirik”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bolqarıstanın Milli Televiziyasına müsahibəsində deyib.
XİN başçısının sözlərinə görə, Gürcüstanda baş tutmuş parlament seçkilərinin nəticələrini şübhə altına almaq üçün heç bir real əsas yoxdur.
“Heç kim vəziyyəti gərginləşdirməyə çalışanları görmək istəmir. Biz cərəyan edən hadisələrə tez-tez birtərəfli qiymət verilməsinin şahidi oluruq ki, bu da Gürcüstan və ölkədə gedən proseslər haqqında yanlış təsəvvür yaradır, - nazir söyləyib.
M.Boçorişvili qeyd edib ki, Gürcüstan illərdir dost olduğu bütün ölkələrin son nəticədə dostluq münasibətlərinə qayıdacağı anı gözləyir.
“Söhbət çoxdankı tərəfdaşlarımızla münasibətlərdən gedirsə, strateji səbir bizim əsas siyasətimizdir”, - XİN rəhbəri əlavə edib.
Gürcüstan-Aİ münasibətlərinə toxunan nazir bildirib ki, Tbilisinin Aİ ilə danışıqlara başlamaq məsələsini müvəqqəti olaraq gündəmə gətirməməsi avrointeqrasiya prosesini davam etdirməmək və ya Aİ-nin bir hissəsi olmaq istəmədiyi anlamına gəlmir: “Biz ancaq bu mövzunun daxili qütbləşmə və Gürcüstanda sabitliyə təhlükə yaradan qrupların siyasi məqsədləri üçün istifadə olunmasının qarşısını almaq istəyirik”.