Suriyadakı dəyişiklik İran üçün qonşuluq münasibətləri və regiondakı xarici siyasətini yenidən qurmaq və proqramlaşdırmaq üçün bir fürsətdir.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Suriyada Əsəd rejiminin devrilməsindən sonra Türkiyə-İran münasibətlərinin durumuna gəlincə, nazir artıq burada Ankara və Tehrana qarşı zidd mövqelərin olmadığını bildirib.
Hakan Fidan İranın Suriyada olmadığına da diqqət çəkərək qeyd edib:
“Buna görə də Türkiyə üçün mənfi durum yaradan bir mühitin parçası deyil. Suriya artıq aramızda mübahisəli ərazi deyil. Hər münasibətdə ziddiyyətli məqamların sayını azaltdığınız zaman pozitivlik daha da artır. Hesab edirəm ki, bu, ölkələrimiz arasında münasibətləri daha da irəli aparmaq üçün bir fürsətdir. Həmçinin bu, İran üçün həm qonşuluq münasibətlərini, həm də regiondakı xarici siyasətini yenidən qurmaq və proqramlaşdırmaq üçün bir fürsətdir.
Düşünürəm ki, İran liderləri açıq şəkildə bu yeni fürsətdən yararlanmağa çalışır. Suriyadakı hadisələr İran üçün mənfi bir ünsür kimi görünsə də, mahiyyətcə ayədə (Quranda) olduğu kimidir; şər hesab etdiyin şeylərdə xeyir, xeyir hesab etdiyin şeylərdə də şər var”.