27 Yanvar 15:18
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən, üç nəfərin pulunu ələ keçirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Alışan Nizami Akif oğlunun cinayət işi üzrə məhkəmənin növbəti iclası olub.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Elgün Qafarov ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyib.

Dövlət ittihamçısı əvvəlcə təqsirləndirilən şəxsin dindirilməsini təklif edib. Bildirib ki, proses daha sonra zərərçəkmişlərin, şahidlərin dindirilməsi, sənədlərin araşdırılması ilə davam etdirilsin.

Alişan Nizaminin vəkili Samir İsayev isə əvvəlcə zərərçəkmişlərin, daha sonra təqsirləndirilən şəxsin dindirilməsini istəyib. Bildirib ki, müvəkkili zərərçəkmişlərdən sonra ifadə vermək istəyir.

Yerində müşavirə keçirən hakimlər əvvəlcə zərərçəkmişlərin, ardınca təqsirləndirilən şəxsin dindirilməsi barədə qərar qəbul ediblər.

Alişan Nizaminin vəkili vəsatətlə çıxış edib. O, müdafiə etdiyi şəxsin anten məlumatlarının əldə olunması ilə bağlı mobil operatora sorğu göndərilməsini istəyib. Qeyd edib ki, 2024-cü ilin aprelin 9-dan 17-dək olan müddət ərzində telefon danışığı, SMS yazışmaları götürülsün.

Vəkil əlavə edib ki, İnvest.az saytından vəsaitlər götürülüb, həmin saytın nümayəndəsi məhkəməyə şahid qismində çağırılmalıdır.

Hakimlər bildiriblər ki, sənədlərin tədqiqi mərhələsinə aid olduğundan hər iki vəsatətə həmin mərhələdə baxılacaq. Buna görə vəsatətlər baxılmamış saxlanılıb.

Növbəti proses fevralın 10-da davam edəcək.

İttihama görə, investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin üç milyon dollara yaxın (4 milyon 156 min 500 AZN) pulu ələ keçirilib.

Alışan Nizami Akif oğlu asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.

Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar isə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilovdur.

İttihama görə, Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib.

Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir.
Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb.

Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Alışan Nizami Akif oğlu cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər.

Digər zərərçəkmişlərdən biri isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir.

Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.

Xatırladaq ki, ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Z.Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.

Qeyd edək ki, Nizami Alişan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.

Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər