2020-ci ilin noyabrında Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən və 2024-cü ilin may ayında missiyası başa çatan Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı yeni faktlar üzə çıxıb.
Teleqraf.com AzTV-yə istinadən xəbər verir ki, bəzi sülhməramlılar xidmətləri dövründə əmrə tabe olmurmuş.
“Paralellik aparıb bizi günahlandırmaqdansa Rusiya tərəfi sussa daha yaxşı olar. Çünki bir daha deyirik, şimal qonşumuzun bu 4-5 ildə zibilləri o qədərdir ki, artıq iy verir... Və maraqlısı budur ki, iylədən də biz deyilik ha, Rusiyanın özüdür.
Rus mediası Azərbaycanı 2023-cü ilin antiterror əməliyyatları zamanı öldürülən sülhməramlılara görə qınayır. Cavab verək, əvvəla, rusların döyüşlər getdiyi zaman Qarabağda nə işi vardı? İkincisi, Azərbaycan ordusu 19-20 sentyabr tarixlərində Qarabağda mənzillənmiş Ermənistan silahlı birləşmələri və kriminal rejimin separatçı bandalarına qarşı lokal əməliyyata start verərkən, rusiyalı sülhməramlıları öncədən xəbərdar etmişdi ki, çıxın. Lakin bəzi “əmr dinləməyən” rus hərbçiləri çıxmadı və həyatlarından məhrum oldu.
Odur ki, bunun günahı Azərbaycan dövlətinin məsuliyyətinə yazılmamalıdır. Hərçənd, bu hadisə ilə də bağlı Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı vermişdi. Yəni, rəsmi Bakı yaxın tarixə aid hər bir insidentin qarşılıqlı anlaşma, obyektiv baxış çərçivəsində araşdırılmasının tərəfdarıdır. Daha tarixdən müxtəlif hadisələr gətirib məsuliyyətdən boyun qaçırmaq lazım deyil və heç kimə başucalığı gətirmir”, - AzTV-nin rəhbəri, siyasi icmalçı Rövşən Məmmədovun müəllifi olduğu "Həftə" analitik-informasiya proqramının yanvarın 26-da efirə gedən buraxılışında bildirilib.
Qeyd olunub ki, Rusiya sülhməramlılarının qanunsuzluqları bununla bitmir: “Müharibənin gedişində, hətta müharibədən sonra bu silahlar Qarabağa necə, hansı yollarla daşınırdı, hörmətli Kreml rəsmiləri? Quşlar gətirmirdi ki... Laçın yolu bağlansa da, Rusiya tərəfi özü də hərbi avtomobillərlə, rus sülhməramlılarının müşayiəti altında Qarabağa silah daşıyırdılar. Ermənistanın da qarşı tərəfə ödənişi ya pul şəklində olurdu, ya da...”.
Verilişdə bildirilib ki, Rusiya helikopterinin Azərbaycan Ordusu tərəfindən vurulması ilə AZAL təyyarəsinin vurulması arasında paralellik aparmaq əsassızdır.
“Əgər paralellik aparmaq istəyirsinizsə, çox yaxşı, gəlin aparaq. Rejissorumuzdan xahiş edirəm, həmin kadrları bir daha versin. Beləliklə, 2020-ci il, noyabrın 9-da Rusiyaya məxsus helikopter Naxçıvan sərhədinə vurulur. Onu da əlavə edək ki, həmin helikopter erməni hərbçilərini müşayiət edirdi və gecə saatlarında, özü də alçaq hündürlükdə uçurdu. Müharibənin faktiki ən gərgin və ən çətin zamanında belə bir insidentin yaşanmasına Azərbaycan tərəfi onlarla əsas gətirərdi. Lakin rəsmi Bakı bunu etmədi. Əvəzində həmin hadisəyə görə Rusiyadan üzr istənildi, helikopterin məbləği ödənildi, ölən hərbçilərə görə ailələrinə kompensasiya verildi. Bir sözlə, belə vəziyyətlərdə bir dövlətin üzərinə hansı öhdəlik düşürdüsə, onu da yerinə yetirdi – ləyaqətlə... İndi belə bir ləyaqətli addım atmaq növbəsi Rusiyanındır. Vəssəlam... Məsələni bu qədər qəlizləşdirmək, yaxud yaxın tarixi vərəqləməyə nə ehtiyac var? Və bir də, inanın, yaxın tarixi vərəqləsək, o qədər zibillər çıxacaq ki, onları təmizləyib qurtara bilməyəcəksiniz. Elə birini deyək, 2-ci Qarabağ müharibəsi və ondan sonrakı dövrlərdə Laçın dəhlizi ilə qanunsuz şəkildə xarici missiyaları Qarabağda gəzdirən, özü də rus sülhməramlılarının gözü önündə, kim idi?” - AzTV sədri bildirib.
Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı süjeti təqdim edirik: