27 Yanvar 11:02
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd rejiminin devrilməsi ilə Suriyadakı mənzərənin köklü şəkildə dəyişməsi Türkiyənin bölgədə üstünlüyünü təmin edib. Yenidənqurma müqavilələri Ankaraya geosiyasi təsirini genişləndirməklə yanaşı, yüz milyardlarla dollar qazandıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Nəşr bildirir ki, gündəlik yüzlərlə yük maşını Türkiyədən Suriyaya ərzaq, dərman və tikinti materialları daşıyır: “Bütün şəhərlər, xəstəxanalar, məktəblər və dağılmış infrastrukturun tikintisinə ehtiyac olduğu bir vaxtda, Ankara və İstanbuldakı mənbələrə görə, Türkiyə rəsmiləri yenidənqurma səylərini koordinasiya etmək üçün ard-arda görüşlər keçirməyə başlayıblar”.

Mənbə xatırladır ki, "Türk Hava Yolları" isə 13 illik fasilədən sonra Dəməşqə uçuşları bərpa edib.

Ankaradakı Yaxın Şərq Araşdırmaları Mərkəzinin mütəxəssisi Uytun Orhanın sözlərinə görə, Türkiyə Suriyanın yenidən qurulmasında “aslan payı”nı alacaq: “Suriyanın keçmiş müxalifətinin (indiki hökumət – red.) Dəməşqə nəzarəti Türkiyəyə bir neçə ildir birbaşa və ya dolayısı ilə ona verdiyi dəstəkdən istifadə etmək imkanı yaradır”.

Hökumətə yaxın SİTA Araşdırmalar Mərkəzinin təhlükəsizlik siyasəti üzrə direktoru Murat Yeşiltaş öz növbəsində deyib: “Türkiyə mənzillərdən tutmuş hava limanlarını, elektrik və rabitə şəbəkələri, ayrı-ayrı sektorlar və infrastrukturu ən qısa vaxtda təmir etmək imkanına malikdir”.

Yeşiltaş, həmçinin Türkiyənin Suriyada təbii qaz və neft yataqlarını bərpa etmək qabiliyyətinə diqqət çəkib.

“Bloomberg” PKK terror təşkilatının Suriyadakı qanadı SDQ/YPG-nin ləğvi ilə bağlı ABŞ ilə təmaslarına da yer verib:

“Bu ay ABŞ rəsmiləri ilə danışıqlar zamanı Ankara “Suriya Demokratik Qüvvələri”nə (SDQ) bağlı və ABŞ-nin dəstəklədiyi “Kürd Xalq Mühafizə Birlikləri”nin (YPG) ləğv edilməsinin zəruriliyində israr edib.

Ərdoğan bu ayın əvvəlində Ankarada parlamentdə çıxışı zamanı deyib ki, əgər Suriyanın təbii sərvətlərini qəsb edən YPG terror təşkilatı silahını yerə qoyub özünü buraxmasa, onu acı son gözləyir.

Türkiyədəki mənbələrin sözlərinə görə, Birləşmiş Ştatlar Suriyada İŞİD-ə qarşı mübarizədə mühüm müttəfiq kimi gördüyü SDQ və YPG-nin ləğvi ilə bağlı Türkiyənin tələblərini indiyədək rədd edib. Amma ABŞ Prezidenti Donald Trampın Türkiyənin Suriyanın gələcəyini formalaşdırmaqda əsas oyunçu olduğunu bəyan etdikdən və Ərdoğanı dostu kimi təriflədikdən sonra Vaşinqtonda əhval dəyişib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər