Moskva SSRİ dönəmində zaman-zaman geosiyasi maraqlarına uyğun olaraq, “erməni soyqırımı” məsələsini açıb-bağlayıb.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Vaaqn Aleksanyan Baş nazir Nikol Paşinyanın “erməni soyqırımı” ilə bağlı bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, Paşinyanın “soyqırımı” ilə bağlı açıqlaması üç əsas tənqidçi təbəqəni önə çıxarıb:
“Birinci təbəqənin nümayəndələri deyirlər ki, bəli, “kim bilmir ki, Sovet İttifaqı o vaxtkı geosiyasi maraqlarına uyğun olaraq Sovet Ermənistanında (qondarma – red.) soyqırımı mövzusunu açıb-bağlayıb. Məsələn, Türkiyə ilə isti dövrdə bağlanıb, amma Karib böhranı zamanı açılıb. Bu adam nə sadə şeylərdən danışır, qoy baş nazir ciddi işlərlə məşğul olsun”.
İkinci təbəqənin nümayəndələri deyirlər ki, “alçaq əclaflar hələ də soyqırımını inkar edirlər”.
Üçüncü təbəqənin nümayəndələri deyirlər ki, “bu mövzunu ümumiyyətlə necə müzakirə obyektinə çevirmək olar? Beş-altı ildən bir əcnəbi ölkənin xarici işlər naziri (Rusiya xarici işlər naziri Sergey Lavrov – red.) gəlir, mobil telefonu ilə Araratın (Ağrı dağı – red.) şəklini çəkir və soyqırımı ilə bağlı bir-iki ürəkaçan fikir söyləyir, bundan artıq nə istəyirsiniz?”
Bu üç qrup arasından 1-ci qrupa cavabım budur ki, nə qədər tənqidçilər arasında 2-3-cü qrupların nümayəndələri çoxluq təşkil edir, bu barədə həm baş nazir, həm də hamımız danışmalıyıq. Qrupunuz çoxluq təşkil edəndə buna ehtiyac qalmayacaq”.
Xatırladaq ki, Paşinyan bundan əvvəl İsveçrədə erməni icması ilə görüşündə qondarma soyqırımı məsələsindən danışıb.
Ermənistan rəhbəri çıxışında dolayı yolla ermənilərin tarixi saxtakarlığa yol verdiklərini etiraf edib: “Nə baş verdiyini və niyə baş verdiyini anlamaq lazımdır. Bəs biz bunu necə qavradıq, kimin vasitəsilə qavradıq? Necə oldu ki, 1939-cu ildə erməni soyqırımı gündəmi yox idi və necə oldu ki, 1950-ci ildə erməni soyqırımı gündəmi yarandı? Necə oldu, başa düşməliyik”.
Ermənistan liderinin açıqlaması ölkəsində gərgin müzakirələrə səbəb olub.