Şimali Koreya qoşunları ağır itki verərək, Rusiyanın Kursk vilayətində cəbhə xəttindən müvəqqəti olaraq geri çəkiliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sky News” Ukraynanın hərbi mənbələrinə istinadla məlumat yayıb.
Məqalədə deyilir ki, Şimali Koreya qüvvələri pilotsuz təyyarələr və artilleriyaya qarşı hazırlıqlı deyillər.
Ukrayna hərbçiləri Koreya əsgərlərinin “beyinlərinin yuyulduğunu” söyləyirlər. Onların sözlərinə görə, Şimali Koreya hərbçiləri ətrafdakı yaralı və ölən yoldaşlarına baxmayaraq, döyüş meydanında irəliləməyə davam edirlər.
Bundan əlavə, Şimali Koreya müharibə zonasında mövcudluğu ilə bağlı sübutları aradan qaldırmağa çalışır. Məsələn, Ukrayna hərbçiləri koreyalıların yaralıları aparıb öldürdüklərini dəfələrlə görüblər.
Şimali Koreya qoşunlarının digər “fərqləndirici xüsusiyyəti” onların təslim olmaqdan qətiyyətlə imtina etmələridir. Koreya əsgərləri əsir düşməmək üçün özlərini partladırlar.
Ukrayna batalyonunun komandiri nəşrə deyib ki, bir dəfə koreyalı əsgərin qumbara ilə özünü partlatmazdan əvvəl “General Kim Çen In üçün” qışqırtısını eşidib.
Bundan əlavə, Şimali Koreya və Rusiya qüvvələri arasında koordinasiya zəifdir. Bu, əsasən dil maneəsi ilə bağlıdır. Şimali Koreya əsgərləri buna görə səhvən Rusiya mövqelərinə hücum edirlər.
Şimali Koreya və Rusiya arasında təchizat baxımından da fərq var. Məsələn, Şimali Koreya əsgərlərinin daha yaxşı silah və geyimləri var, amma ağır zirehli maşınları yoxdur.
Nəşr yazır ki, Şimali Koreya qoşunları ruslardan qat-qat nizam-intizamlıdır: “Koreya əsgərləri qətiyyətlidirlər, amma beyinləri tamamilə yuyulub”.
Ukrayna hərbçisi qeyd edib ki, təxminən, iki həftə əvvəl koreyalıların geri çəkildiklərini görüb: “Ruslar cəbhə xətti boyunca işləyirlər, amma koreyalılar yoxdur”.