27 Yanvar 12:29
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 2015-ci ildə yaşanan devalvasiyaların nəticələrindən biri də valyuta mübadilə məntəqələrinin bağlanması və bunun nəticəsində valyuta alqı-satqısının tamamilə bankların nəzarətinə keçməsi idi.

Teleqraf.com xəbər verir ki, uzun müddətdən sonra Azərbaycan Mərkəzi Bankı 2020-ci ilin sentyabrında valyuta mübadiləsi üçün ilk lisenziyanı verdi.

Son 5 ildə isə sadəcə 7 hüquqi şəxsə valyuta mübadiləsi ilə məşğul olmaq üçün lisenziya verilib. Ən son, bu il yanvarın 17-də Azərbaycan Mərkəzi Bankı “MMK-014” MMC-yə valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verdi.

Nəticədə, Azərbaycanda valyuta mübadiləsi ilə məşğul olan hüqiqi şəxslərin sayı 7-yə çatdı: "Eliko", "Delta Capital", "Zuhur", "Bakı Mərkəzi Valyuta", "Meta-Kapital", "Money Shop" və “MMK-014”. Lisenziya almış şəxslərin hamısı Bakı şəhərində fəaliyyət göstərir.

Bank məsələləri eksperti Əkrəm Həsənov da bildirir ki, bu biznesə maraq yoxdur: “Çünki hər bir bank şöbəsi və filialı bu əməliyyatları həyata keçirir. Bundan başqa valyuta mübadiləsi ilə bağlı bir çox məhdudiyətlər qoyublar. Ayrıca əhalidə də pul yoxdur”.

Həsənov, devalvasiyalardan öncə valyuta mübadilə məntəqələrinin sayının çox olmasını belə əsaslandırır: “Əvvəllər valyuta mübadilə məntəqələri formal olaraq bankların şöbələri idi. Bu bizneslə məşğul olmaq istəyənlər banklara müraciət edirdlər. Ancaq müstəqil fəaliyyət göstərirdilər. İndiki valyuta mübadilə məntəqələri isə bankın tərkibində deyil, hüquqi baxımdan da müstəqil fəaliyyət göstərirlər. Ona görə də, valyuta mübadilə məntəqələri ilə bağlı müəyyən ciddi tələblər var. Banklara bağlı olanda isə tələblər yumuşaq idi”.

Ekspert əlavə edir ki, 2015-ci ildən əvvəl valyuta mübadiləsi biznes kimi ona görə maraqlı idi banklardan fərqli olaraq valyuta mübadilə məntəqələri Mərkəzi Bankın limitini pozurdular: “Banklarda məzənnə Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən 2 faizdən çox fərqlənə bilməzdi. Sonra limit 4 faizə qaldırldı, daha sonra isə ləğv edildi. Həmin limiti valyuta mübadilə məntəqələri pozurdular. Limit olmadığına görə də, biznes kimi maraqlı olmadı”.


Müəllif: Bəkir Nərimanoğlu

Oxşar xəbərlər