Azərbaycandan geri qalmaq istəməyən Ermənistan Suriyanın keçid hökuməti ilə əməkdaşlığa ümid edir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Suriya və Ermənistan arasındakı son gəlişmələri belə şərh edib:
“Ermənistan hökuməti Suriyanın keçmiş prezidenti Bəşər Əsədlə sıx bağlı olsa da, onu devirən qüvvələrlə əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə başlayıb. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın Dəməşqdə Suriya xarici işlər naziri Əsəd əl-Şibani ilə görüşü buna sübutdur.
Dekabrın 29-da Suriyaya səfəri zamanı Şibani ilə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev də görüşmüşdü. Azərbaycanın yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanında olduğunu bildirən Yalçın Rəfiyev Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyini bəyan etmişdi. Görüşdə 12 illik fasilədən sonra Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyətini bərpa ediləcəyi də vurğulanmışdı.
Öz növbəsində nazir Şibani Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin region və dünyada sülhün bərqərar olması naminə əhəmiyyətli hadisə olduğunu ifadə edərək, bu münasibətlə Azərbaycan xalqı və rəhbərliyini təbrik etmişdi. Bu görüşdən bir gün sonra Azərbaycandan Suriyaya humanitar yardımla dolu maşınlar göndərildi.
Görünür, Bakıdan geri qalmaq istəməyən İrəvan da Suriyanın keçid hökuməti ilə əməkdaşlığa ümid edir. Kostanyan Ermənistanın humanitar və islahatların keçiriləcəyi sahələri, eləcə də Suriyada prioritet hesab edilən müxtəlif digər proqramları dəstəkləməyə hazır olduğunu bildirib. Görüşdə Ermənistan və Suriya xalqları arasında möhkəm tarixi əlaqələrin olduğu vurğulanıb”.
Elxan Şahinoğlu əlavə edib ki, Suriyanın keçid hökuməti müxtəlif ölkələrlə əməkdaşlıq etməkdə sərbəstdir: “Hər halda İrəvanın Əsədlə sıx bağlılığını da unutmayıblar və əsl tərəfdaşlarının hansı ölkələr olduğunu bilirlər”.