Gürcüstanın eks-prezidenti Salome Zurabişvili ABŞ-nin yeni administrasiyasının Rusiyaya təzyiq göstərməsini və bunun üçün Gürcüstandan “meydança” kimi istifadə etməsini təklif edib.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Amerikanın “The Hill” nəşrində dərc olunmuş məqalədə deyilir.
Bildirilib ki, ötən ilin dekabrında S.Zurabişvili Parisdə bərpa edilmiş Notr-Dam kilsəsinin açılışında Fransa Prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə Donald Trampla görüşüb və onunla Gürcüstan haqda danışıb.
“Onun (Zurabişvilinin) mesajı ondan ibarətdir ki, ABŞ Rusiyaya təzyiq göstərməli və bunun üçün Gürcüstandan “oyun meydançası” kimi istifadə etməlidir” - “The Hill” yazıb.
Nəşr oxuculara xatırladıb ki, Rusiya 2008-ci ildə Gürcüstanı işğal edib və bu günədək ölkənin 20%-ni işğal altında saxlayır. Bundan başqa, Moskva Gürcüstanda siyasi böhranı alovlandırmaqda ittiham olunur.
Nəşr S.Zurabişvilinin sözlərini sitat gətirib: “Mənim Trampa buranın ABŞ-nin unuda bilməyəcəyi strateji region olduğunu söyləmək imkanım oldu”.
Məqalədə daha sonra deyilir ki, ötən həftə S.Zurabişvili ABŞ-də Donald Trampın andiçmə mərasiminə həsr olunmuş tədbirdə iştirak edib, Marko Rubio və Pit Heqsetlə görüşüb.
“Onlar bu bölgəni Rusiyaya buraxa bilməzlər. Biz bunu anlamalıyıq”, - S. Zurabişvili söyləyib.
Nəşr vuğulayıb ki, sabiq prezident ABŞ-nin regionda gedən proseslərə qarışmayacağı təqdirdə, onun Rusiya və ya Çinin təsiri altına düşəcəyini hesab edir.