Ötən ilin noyabrın 13-14-də Parisdə baş verən terror aktında şübhəli bilinən sonuncu şəxslər – Məhəmməd Abrini və daha 4 nəfər Belçikada həbs edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Belçika federal prokurorluğundan verilən məlumata görə, M.Abrini dünən günorta saatlarında Brüsselin Anderlext bölgəsində yaxalanıb.
M.Abrininin DNT izləri şübhəlilərin saxlanıldığı Brüsseldəki iki evdə və Parisdəki terrorda istifadə edilən bir avtomobildə aşkar edilib. Onun görüntülər hücumların səbəbkarlarından biri kimi mühakimə olunan Salah Abdeslam ilə birlikdə noyabrın 11-də Paris yolu üzərindəki benzin stansiyasının kameralarında əks olunub. Abrini hücumlardan əvvəl Abdeslam ilə mənzil kirayələyib.
Prokurorluq həmçinin Abrininin martın 22-də Brüssel aeroportunda törədilən hücumdan sonra qaçmağı bacaran “kepkalı şübhəli” olub-olmadığının araşdırıldığını da bildirib.
Bir müddət Suriyada “İslam Dövləti” sıralarında döyüşdüyü bildirilən 31 yaşlı Mərakeş əsilli Belçika vətəndaşı Abrininin Paris terrorundakıı rolunun nədən ibarət olması tam olaraq bilinmir.
Prokurorluq həbs olunan digər 3 nəfər haqqında isə məlumat vermir.
Qeyd edək ki, 2015-ci ilin noyabrın 13-14-də “Stad de Frans” stadionunda və Parisin daha bir neçə bölgəsində törədilən teraktlar zamanı 130 nəfər həlak olmuş, 352 nəfər yaralanmışdı.
Səxavət