22 May 2017 13:51
1 953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbrizdə ana dilində nəşr edilən “Sancaq” dərgisi bu günlər işıq üzü görən sayında şair İlham Qəhrəmanın iki şeirini dərc edib.

Teleqraf.com-un məlumatına görə, bu haqda şairə dərginin sahibi, şair Süsən Navadeh Razi xəbər verib.

İlham Qəhrəmanın 2009-cu ildə Tehranda ana dilimizdə “Əsir dağlar” kitabı dərc olunub. Eyni zamanda İlham Qəhrəman güneyli şairlərdən Aydın Araz, Rəna Zare, Bulud Muradi, Şərifə Cəfəri, Arəş Sai, Xosrov Barışan, Məsum Cabbarur, Bəxtiyar Muğanoğlu, Duman Ərdəm, Dinməz Türk, Süsən Navadeh Razi, Çalğın Məhəmməd və başqa qələm sahiblərinin yaradıcılığından nümunələri Azərbaycan oxucularına təqdim edib.

Şairin “Sancaq”da nəşr edilən şeirlərini təqdim edirik:

ÖLƏNDƏ SAÇIMI DARA

Öləndə saçımı dara, sevgilim,

Qəbrimin içinə ətir tök bir az.

Bəlkə çıxdım orda adam içinə,

Əzik kəfənimə ütü çək bir az.

Durram hüzurunda – məni mələklər

Sorğuya-suala birdən çəkərlər.

Qısqanma Tanrının mələklərinə,

Əlini uzadıb gül ləklərinə

Bir dəstə gül bağla, məzarıma qoy.

Mələklər yanında gülsüz qalmayım,

Cavabsız qalmayım, dilsiz qalmayım.

Bilirəm, sənə də bir gün vermədim,

Oğluma-qızıma bağışla məni.

Oxşayıb yola sal alqışla məni...

... Öləndə saçımı dara, sevgilim,

Qəbrimin içinə ətir tök bir az.

Əzik kəfənimə ütü çək bir az.

ASİLİK

İlahi, aşağı bir nəzər yetir,
Bir gör nə gündədi adam dediyin.
Göydə nə göstərdin - dağılır belə,
Uçur başımıza bu dam dediyin.

Bu nə gün-saatdı - çörək süngüdə,
Mələyin çağırsa şeytan ləngidər.
Zülüm tapdayırıq yol gedə-gedə,
Bizə muştuluqdu edam dediyin.

Nə gördük? -
Küləklər üfürən şamı!
Yalançı ümidlə saldıq axşamı.
Gərək boş qalaydı Həvvanın şumu,
Gərək əkməyəydi Adam dediyin.


Müəllif: Nərmin

Oxşar xəbərlər