7 İyun 2023 12:21
5 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək” kitabı çapdan çıxıb.

Teleqraf.com xəbər verir ki, kitabda ən qədim dövrlərdən çağdaş dönəmədək mühacirətin keçib gəldiyi yol, zəngin ədəbi-bədii və nəzəri-kulturoloji irs araşdırılıb.

Azərbaycan Dövlət Nəşriyyatında yayınlanan bu kitab müəllifin mühacirət ədəbiyyatı ilə bağlı ilk araşdırması deyil. Onun “Ağır yolun yolçusu” (1996), “Azərbaycan mühacirət ədəbiyyatı” (1998), “Ömrün nicat sahili” (2004) kitabları və çoxsaylı məqalələri bu mövzuda qələmə alınıb.

Həmçinin araşdırmaçının İstanbulda yayınlanmış “Azərbaycan mühacirət ədəbiyyatı” (2007), “Ruhun ağırıları” (2010) kitabları da köçmən ədəbiyyatı ilə bağlıdır.

Vaqif Sultanlının yeni kitabını əvvəlki araşdırmalarından fərqləndirən əsas cəhət burada mühacirət ədəbiyyatının tarixinə bütöv və sistemli şəkildə yanaşılmasıdır. Müəllif ilk tədqiqatlarından fərqli olaraq burada VII əsrin sonları VIII əsrin əvvəllərində Mədinəyə köç etmiş məvali şairlərdən başlayaraq Sovetlər Birliyinin dağılmasından sonra mühacirətin yayılma arealına qədər geniş zaman kəsimini əhatə edib, bu dönəmdə yaranmış ədəbi-kulturoloji irsin ümumi mənzərəsini canlandırıb.

Monoqrafiyada Azərbaycanın Quzeyinin çar Rusiyası tərəfindən işğalı ilə başlayan dönəmin miqrasiya axınları fonunda ədəbi-mədəni sferada yaşanan proseslərə yer verilmişdir. Həmçinin rus-sovet müstəmləkəçiliyi dövründə mühacirət ədəbiyyatının keçdiyi mərhələlər işıqlandırılmış, ayrı-ayrı şəxsiyyətlərin ədəbi portreti yaradılmışdır. Burada Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cəfəroğlu, Mirzə Bala Məmmədzadə, Səlim Rəfiq Rəfioğlu, Əbdülvahab Yurdsevər, Almas İldırım, İren Məlikhoff və başqaları haqqındakı portret yazıları diqqəti çəkməkdədir.

Monoqrafiyada Qurban Səidin “Əli və Nino”, “Altunsaç” romanları ilə bağlı ədəbiyyatşünaslıqda uzun illərdən bəri davam edən mübahisələrə də toxunulub, həmçinin həmin əsərlər təhlil olunub.

Kitabda indiyədək mühacirət ədəbiyyatı ilə bağlı bir çox mübahisələrə aydınlıq gətirilib, gələcəkdə bu sahədə aparılacaq araşdırmalar üçün elmi-metodoloji istiqamətin müəyyənləşdirlməsinə çalışılıb.

Vaqif Sultanlının oxuculara təqdim olunan monoqrafiyasının mühüm özəlliklərindən biri müxtəlif dövrlərdə Azərbaycanın Güneyindən ayrı-ayrı ölkələrə mühacirət etmiş ədəbi şəxsiyyətlərin yaradıcılıq irsinin də araşdırılıb. Eyni zamanda, araşdırmada Sovetlər Birliyinin dağılması və Azərbaycanın yenidən bağımsızlıq qazanmasından sonrakı dönəmdə yaranmış, indiyədək yetərincə öyrənilməmiş mühacirət ədəbiyyatı da sistemli şəkildə təhlilə çəkilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər