Ermənistan davamlı şəkildə Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalini hədəfə alır. Gəncə, Mingəçevir şəhərləri, Ağdam, Tərtər, Bərdə, Füzuli, Beyləqan rayonları daim düşmən hücumuna məruz qalır. Təcavüzkar ermənilərin bu cinayətkar aktları nəticəsində bu günə kimi 47 nəfər dinc sakin vəfat edib, 222 nəfər yaralanıb.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Millət vəkili bildirib ki, cəbhədə böyük uğursuzluğa düçar olan düşmən mülki insanları hədəf alaraq, cəmiyyətdə təlatüm, qorxu yaratmağa çalışır:
“Azərbaycan mülki əhalinin təhlükəsizliyinə təhdid yaradan istənilən hədəfi məhv etmək hüququna malikdir. Oktyabrın 14-ü də Ermənistan tərəfi Gəncə, Mingəçevir və digər şəhərlərimizi hədəfə alaraq vurmaq istəyib. Ancaq ordumuz tərəfindən həmin ballistik raket kompleksi dərhal məhv edilib".
Naqif Həmzəyev vurğulayıb ki, bu gün işğalçı ölkədə demoqrafik problem yaşanır:
“Ona görə də təcavüzkar Ermənistan tərəfindən orduya muzdlular cəlb edilməyə başlayıb. Ermənistan bütün dövrlərdə xarici ölkələrdən olan muzdlular və terrorçulardan Azərbaycana qarşı istifadə edib. Artıq düşmən tərəfi qanunvericiliyə dəyişikliklər edərək muzdluların orduya cəlb edilməsini qanuniləşdirib”.
Deputat əlavə edib ki, Ermənistan döyüşlərə smuzdluları cəlb etməklə beynəlxalq hüququn norma və prinsiplərini açıq şəkildə pozur:
"BMT-nin konvensiyasında da qeyd olunur ki, üzv dövlətlər muzdlulardan istifadə etməməli, maliyyələşdirməməli, təlim keçməməli və bu addımları qadağan etməlidir. Eyni zamanda Avropa Şurasının konvensiyasında da terrorizm məqsədilə xaricə gedən şəxslərə qarşı ölkələr tərəfindən cinayət məsuliyyətinin tətbiq edilməsi nəzərdə tutur. Bununla bağlı olaraq Avropa Şurasına üzv dövlətlərdən Ermənistana muzdluları cəlb etməsi ilə bağlı açıq reaksiyalar verilməlidir”.