İşğalçı Ermənistan bu günə qədər üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib. Hər zaman bu riyakar dövlət tərəfindən əldə olunan bütün razılaşmalar pozulub. Aktiv döyüş əməliyyatları başlamazdan öncə təcavüzkar dövlət tərəfindən əldə edilmiş razılaşmalara riayət edilməyib.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov bildirib.
O deyib ki, işğalçı ölkədə siyasi rəhbərliklə hərbi rəhbərlik arasında hər zaman ikili münasibət olub:
"Soros fondu tərəfindən hakimiyyətə gətirilən Nikol Paşinyan ilk vaxtlardan ölkədə real rəqiblərini zərərsizləşdirməyə başladı. Eyni zamanda Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda formatın dəyişməsinə çalışdı. Paralel olaraq da münaqişə ilə bağlı daha aqressiv yanaşmalar sərgiləməyə başladı. İndi isə Paşinyan bir sıra dövlətlərin rəhbələrinə Azərbaycanın əməliyyatları dayandırması ilə bağlı yalvarışlar edir. Bununla yanaşı isə cəbhədə əldə edilmiş humanitar atəşkəsə riayət etmir. Paralel olaraq Azərbaycanın mülki obyektlərinə, dinc insanlarına hücumlar edir. Məqsəd də odur ki, üçüncü dövlətlər bu münaqişəyə cəlb edilsin”.
Siyavuş Novruzovun sözlərinə görə, bütün dünya bilir ki, Azərbaycan öz ərazisində əməliyyat aparır:
“BMT tərəfindən də həmin ərazilərin Azərbaycan torpaqları olduğu tanınıb və oradan düşmənlərin çıxarılması üçün qətnamələr qəbul edilib. Azərbaycanın torpaq bütövlüyünü təmin etməsi haqqıdır".
Deputat bildirib ki, indiki halda işğalçı Ermənistanın cinayətkar rəhbərliyinin Azərbaycanla bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur:
“Bu iddiaları səsləndirməkdə də məqsədləri terrorçu qüvvələri həmin ərazilərə yerləşdirməkdən ibarətdir. Eyni zamanda düşmən çalışır ki, digər təşkilatların sülhməramlı qüvvələrini bu ərazilərə cəlb etsin. Amma Azərbaycanın razılığı olmadan bu ərazidə heç bir təşkilatın sülhməramlı qüvvəsi yerləşdirilə bilməz. Çünki bu əraziyə hər hansı bir qoşun növünün yerləşdirilməsi beynəlxalq hüquqa əsaslanmalıdır”.