Ermənistan tərəfindən elektron poçt üzərindən uğursuz “fişinq” hücum cəhdləri davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasında bildirilir.
"Bu dəfə istifadəçilərə göndərilən “fişinq” xarakterli e-poçtda guya son dövrdə artan kiberhücumlardan qorunmaq məqsədilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya Mərkəzinin ("ASAN Xidmət") Xarici İşlər Nazirliyi əməkdaşları üçün xüsusi təlim proqramı hazırladığı bildirilir. Eyni zamanda həmin təlimdə iştirak etmək üçün keçidə daxil olaraq korporativ e-poçt və şifrin daxil edilməsi istənilir. İstifadəçi keçidə daxil olaraq məlumatları təqdim etdikdə həmin məlumatlar kibercinayətkarların əlinə keçir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti hazırkı vaxtda hər kəsi maksimum diqqətli olmağa, şübhəli keçidlərə daxil olmamağa və hər hansı faylı yükləməməyə və məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlamağa çağırır.
Xahiş edirik ki, bu kimi hallarla üzləşdikdə, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verin", - deyə qurum bəyan edib.