“Çiçəklənən Ermənistan” parlament fraksiyası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı, Ermənistan Polis İdarəsinin rəisi Vahe Qazaryanı, Ermənistanın Baş prokuroru Artur Davtyan, Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryanı, Ermənistan İstintaq Komitəsinin sədri Ayk Qriqoryanı qanunla nəzərdə tutulmuş addımlar atmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, çağırış Ermənistan Baş naziri Nikol Paşinyanın Feysbukda yayımladığı yazısı ilə əlaqədardır.
Paşinyan məlum yazısında qeyd edir:
“Bu gün cəbhə bölgəsindən gələn əsgərlərin onlarla videosuna baxdım. Uşaqların düşüncəli olmasına heyran qaldım. Uşaqlar haqlısınız. İrəvanda sizi gözləyirəm. Nəhayət, qapıların arxasında durub ulayanları dayandırın”.
Parlament fraksiyasının çağırışında bildirilir ki, bu yazı Ermənistan Cinayət Məcəlləsinin 222 və 2226.2-ci maddələri ilə cinayət işi başlanılması üçün bütün əsasları özündə cəmləşdirir:
“Bundan sonra baş nazir Ermənistanın milli təhlükəsizliyi və Ermənistan cəmiyyəti üçün bir təhdiddir. Vəzifədə olduğu hər gün Ermənistanın suverenliyini təhlükə altına qoyur. Ən qısa müddətdə Nikol Paşinyan barəsində zəruri tədbirlərin görülməsinə çağırırıq”.