Vazgen Manukyan baş nazir postuna təkcə uyğun namizəd deyil, eyni zamanda ən təsirli namizəddir. Biz məğlubiyyətin, itkilərin davam etdiyi, yeni böhranların qaçılmaz olduğu vəziyyətdəyik.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu sözləri uzun illər Ermənistan Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik etmiş, Levon Ter-Petrosyanın qudası David Şahnazaryan deyib.
Onun fikrincə, Ermənistanda ən vacib məsələ həll olunmayan təhlükəsizlik məsələsidir və onsuz da zəif olan təhlükəsizlik sistemi pisləşməkdə davam edir: “Bununla paralel sosial-iqtisad, psixoloji böhran daxil olmaqla ləyaqət böhranı göz önündədir”.
D. Şahnazaryan hesab edir ki, hərəkat ümummilli xarakter almalıdır. Onun fikrincə, proses Nikol Paşinyan və Vazgen Manukyan arasında şəxsiyyətlərin mübarizəsi kimi təqdim edilməməlidir: “Hərəkatın və səlahiyyətlilərin məqsədi ziddiyyət təşkil edir. Onlar əvvəlcədən xarici qüvvələrə xidmət ediblər və xidmət etməkdə davam edirlər”.
Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri iddia edib ki, 2018-ci ildən bu yana Ermənistan rəhbərliyinin nümayəndələri Türkiyə rəsmiləri ilə əlaqə saxlayır:
“Paşinyanın elçiləri 27 sentyabrdan bir neçə gün əvvəl, hətta müharibə zamanı onlarla əlaqə saxlayıblar. Hələlik ətraflı məlumat verməyəcəyəm, amma bu barədə yaxın gələcəkdə danışacağam. Ötən il erməni rəhbərliyi Şirakın sərbəst iqtisadi zonaya çevriləcəyini, orada gömrük evi inşasının lazım olduğunu açıqladı və böyük xərclər çəkildi. Halbuki bura tranzit ərazi deyil. Yəni o zaman artıq Türkiyə ilə sərhədlərin açılacağını bilirdilər. Başqa izah yoxdur”.
Şahnazaryan qeyd edib ki, üçtərəfli bəyannamədə Ermənistan və Azərbaycan sərhədi haqqında bir kəlmə də yoxdur: “Amma ortaya Zod mübahisəsi çıxır”.
“Mən bir neçə ay əvvəl dedim ki, Paşinyan Qarabağda ortaq yaşayış zonalarının yaradılması ilə bağlı danışıqlar aparır. İlk növbədə Şuşa belə bir məkana çevrilməlidir”, - keçmiş xidmət rəhbəri deyib.
O bildirib ki, Ermənistanı müharibəyə sürükləyən Paşinyanın siyasəti olub: “Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən istər daxili, istərsə də xarici siyasətdə bir hədəfə sahib idi. Bunun qarşısı alınmalıdır. Təəssüf ki, ictimaiyyət məyus olmağa davam edir və bir hissəsi də ümidsizlik içindədir, 2,5 ildir səhv etdiklərinə dözmək istəməyənlər var.
Xalq səhvlərinin əvəzini ödəməlidir və xalqımız bu mərhələdədir. Paşinyan siyasəti ilə müharibəni qaçılmaz etdi. Öz siyasəti ilə o, Ermənistana hücumu əsaslandırmaq üçün istifadə etdikləri bir çox arqumenti Türkiyə və Azərbaycana verdi”.