28 Yanvar 2021 14:05
5 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hüquq mühafizə orqanları Qarabağdakı döyüşlər zamanı xəyanət versiyasını təkzib etmək və ya təsdiqləmək üçün hərtərəfli istintaq aparmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

Azərbaycan Ordusuna məğlubiyyəti həzm edə bilməyən Köçəryan ənənəsinə sadiq qalaraq, bunu Ermənistanın mövcud hakimiyyətinin xəyanətinə bağlayıb.

Köçəryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, general Artur Vanetsyanın Azərbaycanın xüsusi xidmət orqanlarının nümayəndələri ilə Dubayda görüşdüyünü də iddia edib.

Eks-prezidentin iddiasına görə, işğal edilmiş torpaqların Azərbaycana təhvil verilməsi ilə bağlı Ermənistan hakimiyyətindəki “xəyanət şəbəkəsi” Azərbaycanla gizli danışıqlar aparıb.

“Ancaq bunlarla müharibənin nəticələri arasındakı əlaqəni sübut edə və göstərə bilmərəm. Hüquq mühafizə orqanlarımız var, bu əlaqəni ya inkar etməli, ya da təsdiqləməlidirlər. Bu, peşəkar araşdırma nəticəsində edilməlidir”.

Köçəryanın sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin baş qərargahının rəisi Onik Qasparyanın xəbərdarlıqlarına baxmayaraq, Baş nazir Nikol Paşinyan Azərbaycanla müharibəni dayandırmaq istəməyib: “Bu, gizli sövdələşmənin olmasına dair şübhələri artırır”.

Görünən budur ki, Ermənistanın sabiq rəhbəri təkbətək müharibədə Azərbaycana məğlubiyyəti həzm edə bilmir. Azərbaycan Ordusunun son savaşda öz gücü hesabına Köçəryanın kitabında ermənilərə təlqin etdiyi “qorxaq azərbaycanlı” mifini dağıtması isə onun özünə də bəllidir, vaxtilə onun rəhbərlik etdiyi ölkənin havadarlarına da...


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər