3 Fevral 2021 12:18
7 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Qazaxın 7 kəndini geri vermək istəmirsə və bu azmış kimi, təxribatlar törədərsə, Azərbaycan ordusu hərbi əməliyyata başlayıb, bu əraziləri də geri almalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Məhəmməd Əsədullazadə söyləyib.

Onun sözlərinə görə, ehtimal olunan hərbi əməliyyatlar Ermənistan ərazisində yox, 7 kəndin ərazisində, yəni Azərbaycan torpaqlarında keçiriləcəyi üçün buna kimsə mane ola bilməz:

“Əvvəlcə Ermənistana ultimatum verilməlidir ki, ya kəndlər boşalmalıdır, ya da hərbi əməliyyatlara başlayacağıq. Müharibədə acınacaqlı məğlubiyyətə uğrayan Ermənistanda revanşist əhval-ruhiyyə hökm sürür. Təsadüfi deyil ki, eks-prezident Robert Köçəryan yenidən Moskvaya üz tutub.

Seçkilərdən əvvəl öz imicini düzəltmək istəyən Köçəryanın bu məqsədlə Rusiyadan silah istəyəcəyini gözləmək olar. Ermənistan ordusu müharibədə darmadağın edilib. Bu ölkənin yeni hərbi texnika və silahlara ehtiyacı var. Köçəryan çalışacaq ki, köhnə olsa da, Moskvadan yeni silahlar ala bilsin, yəni Rusiyanın paytaxtından İrəvana əliboş qayıtmasın”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Moskva istəyinə adekvat olaraq, Köçəryana silah versə də, bu həlledici amil olmayacaq: “Köhnə qvardiyanın Ermənistanda hakmiyyətə seçki yolu ilə gəlməsi mümkün deyil.

Paşinyana gəldikdə, Ermənistan baş naziri çalışacaq ki, ən azı seçkilərdən əvvəl Qazaxın 7 kəndini Azərbaycana qaytarmasın. Düşünürəm ki, Ermənistan rəhbərliyi üzərinə götürdüyü öhdəliklərdən yayınacaqsa, Azərbaycan hərbi əməliyyatlara başlayaraq, bu əraziləri də işğaldan azad etməlidir”.

Ekspert Ermənistanda keçiriləcək erkən seçkilərdən sonra bu məsələ ilə bağlı müsbət irəliləyişlərin ola biləcəyini istisna etməyib.

Qeyd edək ki, erməni mediasında erkən parlament seçkilərinin mart-aprel aylarında baş tuta biləcəyi haqda məlumat yayılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər